Akif Nağı: “Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri böyük Zəfərin davamıdır”

SİYASƏT
12:21 / 21.07.2026
375

“İşğaldan azad olunmuş ərazilərdə - Qarabağda, Şərqi Zəngəzurda aparılan işlər hər kəsi sevindirir”.

Bu sözləri Azad Vətən Partiyasının sədri Akif Nağı Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, işğaldan azad olunan ərazilərdə çox geniş miqyasda işlər aparılır:


“Hətta hansısa böyük dövlətin buna gücü çatmazdı. Cənab Prezident İlham Əliyev Şuşada keçirilən 4-cü Qlobal Media Forumunda Azərbaycanın orta güc statusunda olduğunu dedi. Orta gücün bir xüsusiyyəti də bundan ibarətdir ki, dövlət ən böyük problemlərini həll edə bilir. Qaçqın-köçkün problemi, torpaqları işğaldan azad etmək və azad olunmuş ərazilərdə quruculuq işləri aparmaq çox çətin məsələlərdir. Bunların hamısını Azərbaycan dövləti öz gücünə həyata keçirir. Ölkəmiz bunun da öhdəsindən məharətlə gəlir”.

Siyasətçi qeyd edib ki, Qarabağda və Şərqi Zəngəzurda təsərrüfat işləri də aparılır:
“Artıq orada müəyyən sahələrdə əkin-biçin aparılır. Eyni zamanda, müəssisələr tikilir. Üstəlik, həmin ərazilərdə böyük zavodların və fabriklərin tikintisinə də başlanılıb. Bu isə çox sayda yeni iş yeri deməkdir. Mütəmadi şəkildə ölkədə yeni iş yerlərinin açılması da çox gözəldir.

Həmçinin, işğaldan azad olunan ərazilərdə yeni yaşayış binaları tikilir və kəndlər salınır. Hətta onların çoxuna yerində baxmaq fürsətim olub. Həddindən artıq doğru və gözəl işlər gedir”.

Partiya sədri diqqətə çatdırıb ki, Kəlbəcərdən Zəngilana, Füzuliyə və Cəbrayıla qədər çox böyük ərazini əhatə edən quruculuq işləri aparılır: 
“Hansı ki, bütün əraziləri əhatə etmək həqiqətən çox çətindir. Bir-birinin ardınca yeni kəndlər salınır, mütəmadi şəkildə ailələr öz dədə-baba yurdlarına qayıdırlar. Məsələn, artıq Xankəndi və Şuşa qələbəlik şəhərlərə çevrilib. Oralarda yaşayan və işləyən insanların sayı çoxdur.

Həmçinin, Ağdam da artıq həyat qaynayır. Ağdama da gedib-gəlmişik, insanların ora necə həvəslə köçüb getdiyini və işlədiyini görmüşük. Əlbəttə ki, bütün bu proseslər hamımızı sevindirir. İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri dövlətin də güclənməsinə xidmət edir”.

Akif Nağı vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri böyük Zəfərin davamıdır:
“Bəlkə də son 100 ildə dünya tarixində belə böyük Zəfər qazanan ölkə yoxdur. Dünyada çox sayda problem var, amma həll edə bilmirlər. Azərbaycan isə öz problemini öz ordusunun və diplomatiyasının gücünə həll etdi. Nəticədə tarixi qələbə qazandıq. Əgər bu günləri belə möhtəşəm quruculuq işləri getməsəydi, böyük Zəfərin üzərinə bir kölgə salmış olardı. Lakin hazırda işğaldan azad olunmuş hər qarış ərazimizdə bərpa işləri aparılır. 

Ona görə də bu Zəfəri Azərbaycan xalqının, dövlətinin, millətinin tarixində böyük bir hadisədir. Bu hadisənin sönməyinə, parlaqlığının itməsinə imkan vermək olmaz. Biz işğaldan azad olan ərazilərimizdə quruculuq işlərini davam etdirməklə dünyanın da diqqətinə çatdırırıq ki, təkcə hərb meydanında yox, bütün meydanlarda qalib gəlməyə və istədiklərimizə nail olmağa qadirik”.

Elmir Mustafa 

0