İnsanlar niyə bahalı telefonlara yönəlirlər? - Psixoloq izah etdi

SOSİAL
13:52 / 02.09.2024
475

"Hal-hazırda bir çox insan onlayn xidmət sahəsində fəaliyyət göstərdiyi üçün sosial şəbəkələrdə xidmətini satmağa çalışır". 

Bu sözləri psixoloq Ülviyyə İlqar Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, bu səbəbdən də texnoloji yeniliklərdən faydalanmaq üçün daima yeni bahalı model telefon alırlar:

"Lakin bunun hamı üçün belə olduğunu deyə bilmərik. Çünki texnoloji yeniliklər üçün olduğu qədər psixoloji səbəblərə görə də bahalı telefonlar alanlar var. Bu vəziyyətin arxasında duran əsas psixoloji amillərdən biri sosial təsdiq ehtiyacıdır. Başqa bir səbəb isə mənsubiyyət və qəbul edilmək ehtiyacıdır. 

Bəzi insanlar bahalı telefonlarla yüksək statusun, uğurun və sosial dəyərin simvolu kimi özlərini təsdiqləmək üçün yönəlirlər. Həmçinin, sosial qruplar arasında qəbul edilmək və eyni səviyyədə olmaq arzusu da bahalı texnologiyalara olan marağı artıra bilər".

357274

Onun sözlərinə görə, bəzi insanlar başqaları ilə bərabər statusda olmaq və qrup içində fərqlənməmək üçün bahalı telefon almağa çalışırlar:

"Bunu həm də özlərinə güvənlərini artırmaq üçün bir vasitə sayırlar. Əslində, bahalı telefon sahibinə özünü daha güclü və dəyərli hiss etdirir. Nəticədə, insanlar maddi vəziyyətlərini nəzərə almadan belə telefonlara yatırım edə bilirlər. Amma bir şeyə ehtiyacın olub-olmadığını analiz etmək daha faydalıdır".

Psixoloq qeyd edib ki, hər bir şəxs bahalı telefon almadan öncə onu almağın əsl səbəbi barədə özünə sual verməlidir:

"Birinci bahalı telefon onlara nə hiss etdirir? Bu ehtiyacın arxasında status, sosial təsdiq və ya özünə güvən kimi psixoloji faktorlar varmı? Motivlərini anlamaq, qərarlarını daha sağlam şəkildə yenidən nəzərdən keçirməyə kömək edə bilər.

Bahalı telefonlar özgüvən və sosial status qazanmaq üçün əsas vasitə kimi görünə bilər, ancaq bu ehtiyacları qarşılamaq üçün başqa yollar da mövcuddur. Bunun üçün özünəinamı artıran və sosial əlaqələri gücləndirən fərqli fəaliyyətlər tapmağa çalışa bilərlər".

Mütəxəssis əlavə edib ki, şəxsi bacarıqları inkişaf etdirmək, hobbiyə vaxt ayırmaq və ya dəyərli dostluqlar qurmaq bu hissləri gücləndirə bilər:

"Emosional alış-verişlər, yəni özünü yaxşı hiss etmək üçün edilən impulsiv xərcləmələr, maliyyə problemlərinə səbəb ola bilər. Əgər bu vəziyyət davamlı bir problem halına gəlibsə və ya başqa psixoloji çətinliklər yaradırsa, bir mütəxəssislə məsləhətləşmək faydalı ola bilər".

Pərviz

0