Azərbaycanda maaşların inflyasiyaya uyğun avtomatik artırılması mexanizminin tətbiqi gələcəkdə mümkün olsa da, bunun üçün qanunvericilikdə dəyişikliklərə və əmək müqavilələrində xüsusi müddəalara ehtiyac var. Ekspertlər hesab edir ki, əsas məsələ yalnız maaş artımı deyil, həmin artımın insanların real alıcılıq qabiliyyətinə təsir etməsidir.
Məsələ ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli bildirib ki, əməkhaqlarının inflyasiyaya uyğunlaşdırılması beynəlxalq praktikada geniş tətbiq olunan iqtisadi mexanizmlərdən biridir.
Deputatın sözlərinə görə, bir sıra ölkələrdə maaşlar istehlak qiymətləri indeksinə uyğun olaraq avtomatik və ya dövri şəkildə artırılır:
“Bu mexanizm yaşayış dəyəri artdıqca əməkhaqlarının da proporsional şəkildə yüksəlməsini təmin edir. İnflyasiya müəyyən həddi keçdikdə maaşlar əlavə qərar olmadan avtomatik artırılır”.
Əli Məsimli qeyd edib ki, Azərbaycanda hazırda bu model tətbiq edilmir:
“Ölkəmizdə minimum əməkhaqqı və dövlət sektorunda çalışanların maaşları Prezident sərəncamları ilə artırılır. Artımlar dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir və inflyasiya göstəriciləri də nəzərə alınır”.
Deputat bildirib ki, gələcəkdə beynəlxalq praktikada tətbiq edilən bu üsulun Azərbaycanda hansısa formada tətbiqi nəzərdə tutulsa, qanunvericiliyə dəyişikliklər edilməli və şirkətlərin əmək müqavilələrinə müvafiq müddəalar daxil olunmalıdır.
Əli Məsimli hesab edir ki, əsas məsələ əməkhaqqının nominal deyil, real artımının təmin edilməsidir:
“Bu ilin fevralına orta aylıq nominal əməkhaqqı 6,2 faiz artaraq 1152 manat olub. Rəsmi statistikaya görə, inflyasiya 5,6 faiz, ərzaq inflyasiyası isə 6,7 faiz təşkil edib. Bu isə o deməkdir ki, maaş artımının böyük hissəsi qiymət artımı ilə kompensasiya olunub”.
O vurğulayıb ki, xüsusilə aztəminatlı ailələrin xərclərində ərzaq məhsulları üstünlük təşkil etdiyindən, qida inflyasiyası onların gəlirlərinə daha ciddi təsir göstərir:
“Əməkhaqqının nominal ifadədə artımı bir çox hallarda inflyasiyanın yeminə çevrilir və real gəlir artımı baş vermir. Ona görə də maaş, pensiya və digər sosial ödənişlərin artırılması ilə yanaşı, inflyasiyanın səngidilməsi istiqamətində də təsirli tədbirlər görülməlidir”.


