Sosial şəbəkə hesablarımız oğurlandığı anda nə etməliyik? - MÜSAHİBƏ 

TEXNO
11:44 / 04.06.2024
8266

"Sosial şəbəkə hesablarını qoruma və ya oğurlandığı təqdirdə onları qurtarma üsulları hər zaman olduğu kimi hazırda da gündəmdə olan məsələdir". 

Bu sözləri informasiya texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev Hit.az-a müsahibəsində deyib. 

Müsahibəni təqdim edirik:

- Bəhruz müəllim, son zamanlarda Azərbaycanda sosial şəbəkə hesablarına kiber hücumlar nə üçün artıb? 


- Azərbaycan seqmenti üzrə də sosial şəbəkələrdə aktivliyin artığı müşahidə olunur. Təbii ki, sosial şəbəkələrdə istifadəçi sayı çoxaldıqca, kibertəhlükələr də paralel olaraq artmağa davam edir. Tarix boyu mənfi fikirli insanlar təmiz fikirli insanların məlumatsızlığından istifadə edərək, onları aldatmağa və sahib olduqlarını əllərindən almağa çalışıblar. 

Bu, eyni zamanda xeyir və şərin mübarizəsidir. İnsan olaraq biz hər zaman şərlə mübarizəyə hazır olmalıyıq. Bu fakt daş dövründən başlayaraq, hər zaman davam edib. Hər zaman oğru və dələduz olduğu kimi onlara qarşı mübarizə də olub. 

- İndiki dövrdə də virtual dələduzluq başlayıb... 


- Keçmiş zamanlarda düşməni tanımaq və cəzalandırmaq imkanı bir qədər rahat olsa da, müsir dövrümüzdə İT texnologiylarının müəyyən imkanlarından istifadə edərək gizlənib zərər vermək istəyən dələduzlar daha təhlükəlidir. Ona görə ki, onlar görünmürlər, habelə kifayət qədər savad və məlumata sahibdirlər. 

Çox təəssüf ki, dələduzlar sahib olduğu qabiliyyətləri şər istiqamətdə istifadə edirlər. Təbii ki, bu da onların seçimləridir. Hər kəsin seçimi onun şəxsiyyətini formalaşdırır. 

- Ümumiyyətlə, sosial şəbəkə istifadəçiləri kibertəhlükəsizliklə bağlı nələri bilməlidirlər? 


- Yuxarıdakı faktları bilərək istifadəçilərin savadlı, məlumatlı olmağa və daimi olaraq inkişaf etməyə, öyrənməyə ehtiyacı var. Əks halda, hər zaman zərərçəkənlərdən olacağıq. Əlaqədər qurum və şəxslər daimi maarifləndirmə aparırlar, amma maarifləndimənin daha çox genişlənməsinə ehiyac var. Ona görə ki, hədisələr gün keçdikcə çoxalacağını istisna edə bilmərik. 

İnsanların pulları artıq yastıq altından çıxaraq, bank kartı hesablarında çoxalmağa başladığını bilən dələduzlar, artıq evlərin pəncərəsini sındırmaq metodunu dəyişərək, mobil avadanlığlarımızın şifrələrini sındırmaq, şəxsi məlumatları və imkanları ələ keçirməklə məşğul olurlar. 

- Sosial şəbəkə hesablarımıza kiber hücumları önləmək üçün hansı addımları atmalıyıq? 


- Ən yaxşı müdafiə profilaktik tədbir görməkdir. İkili təsdiqləmə funkisiyasını aktiv etmək, nömrə və e-mail təsdiqi əsasında girişi imkanı verilməlidir. Belə olan halda, bərpa üçün əvvəldən qeyd olunan e-mail və nömrə vasitəsi ilə hesabınızı geri qaytara bilərsiniz. 

Təhlükəsiz avadanlıq üzərində hesabınızı geri qaytarmaq barədə cəhdlər edilə bilər, Təhlükəli mühitdə isə daha çıxılmaz vəziyyətə düşülə bilər. Çünkü bərpa e-maili və nömrəsi dələduz tərəfindən dəyişdirilərsə, hesab tamamilə əldən çıxa və daha çətin bərpa ola bilər.

- Bəs sosial şəbəkə hesablarımız oğurlansa, ilkin olaraq nələr etməliyik? 


- Sosial şəbəkə hesablarını qoruma və ya oğurlandığı təqdirdə onları qurtarma üsulları hər zaman olduğu kimi hazırda da gündəmdə olan məsələdir. Lisenziyalı, pirat proqram təminatı yüklü olmayan komputer və mobil avadanlıqlarda sosial şəbəkə hesabı açmaq məqsədə uyğundur. Hesabların geri qaytarılması üçün, sosial şəbəkələrin “yardım (help)” bölməsindən istifadə edilərək, müəyyən addımlar atıla və sorğu göndərilə bilər. Müəyyən suallara cavab verərək, bir müddət gözləmək olar. 

Hesabı 48-72 saat ərzində geri qaytarmaq olar. Eyni zamanda, dostluqda olan şəxslərin sizin kimliyinizi təsdiqləməsi tələb oluna bilər. Əgər hesabın mavi təsdiq işarəsi varsa, geri qaytarılması daha rahat olar. Əsk halda, hesabınızı təsdiq etmək üçün sosial şəbəkə platforması qarşısında cavablamalı suallarınız çox ola və ya hesab geri qaytarılmaya bilər. Hər sosial şəbəkə platforması hesabın qaytarılması üçün həll metodunu fərqli edə bilər.

- Son olaraq, sosial şəbəkə istifadəçilərinə hesablarını qorumaq üçün nələri məsləhət görürsünüz? 


- Üçüncü tərəfə qoşulmaq üçün sosial şəbəkə hesablarından istifadə etməyin. Sosial şəbəkə platformasının təklif etdiyi bütün güvənlik tənzimləmələrini aktivləşdirin. Təmiz avadanlıqda bütün şifrələrinizi dəyişin və eyni şifrədən istifadə etməyin. 

Hesabınıza daxil olanda və ya müxtəlif dəyişikliklər olduqda sizə bildiriş göndərmək üçün aktivlik bildirişlərini açın. Beləliklə, hesabınızda nə baş verdiyini tez bir zamanda müəyyənləşdirə bilərsiniz. Əsla heç bir şey olmaz deməyin, ən kiçik boşluq sizin hesab və məlumatlarınızın oğurlanmasına səbəb ola bilər.

Pərviz

0