Avropada turistlər çimərlik və barları yeni istirahət formatı ilə əvəz edirlər

TURİZM
19:58 / 08.07.2026
49

Avropada turistlər arasında ənənəvi çimərlik istirahəti əvəzinə müxtəlif ustad dərslərində və təlim proqramlarında iştirak etməyə maraq sürətlə artır. Ötən ilin payızında ekspertlər bu istiqamətin 2026-cı ilin əsas turizm trendlərindən biri olacağını proqnozlaşdırmışdılar və son araşdırmalar bu gözləntiləri təsdiqləyir.

HİT.az xəbər verir ki, "Euronews Travel" nəşrinin yazdığına görə, "Mastercard" şirkətinin 28 Avropa ölkəsindən 27 mindən çox iştirakçının cəlb olunduğu sorğusu göstərib ki, avropalılar istirahət zamanı yeni bacarıqlar qazanmağa getdikcə daha çox üstünlük verirlər.

Sorğunun nəticələrinə əsasən, respondentlərin 48 faizi növbəti səfərləri zamanı yeni bacarıq öyrənməyi planlaşdırır, 37 faizi isə artıq bu məqsədlə xüsusi proqram və ya turlar bron edib.

Bundan əlavə, iştirakçıların 42 faizi yerli mütəxəssislərin təqdim etdiyi orijinal təcrübələr sayəsində yeni bilik və bacarıqlar əldə edə biləcəkləri səyahətlər üçün daha çox pul ödəməyə hazır olduqlarını bildirib.

"Mastercard" bu istirahət formatını ifadə etmək üçün "skillday" terminini təklif edib. Bu anlayış təxminən "bacarıq öyrənmə günü" kimi tərcümə oluna bilər.

Bu istiqamət xüsusilə 18–24 yaş arasında olan Z nəslinin nümayəndələri arasında populyardır. Sorğuya əsasən, həmin yaş qrupunda respondentlərin 57 faizi yeni bacarıqlar əldə etməyə yönəlmiş səyahət planlaşdırır.

Analitiklərin fikrincə, bir çox turist üçün yeni bacarıq qazanmaq artıq ənənəvi suvenirlər almaqdan daha cəlbedici hesab olunur.

Mütəxəssislər bildirirlər ki, bu tendensiya turizmin daha balanslı inkişafına da töhfə verir. Belə səfərlər turistləri izdihamlı kurortlardan kiçik şəhərlərə, kənd ərazilərinə və daha sakit mövsümlərə yönəldərək turizm axınının daha bərabər paylanmasına kömək edir.

2026-cı ildə avropalıların xaricdə öyrənmək istədiyi bacarıqlar bunlardır:

* Xarici dillər – 30 faiz
* Kulinariya bacarıqları – 28 faiz
* Qida və içki istehsalı – 28 faiz
* Sağlamlıq və fiziki fəaliyyət, o cümlədən meditasiya və döyüş sənətləri – 25 faiz
* Ənənəvi sənətkarlıq, o cümlədən toxuculuq, ağac emalı və tekstil işi – 24 faiz
* Yaradıcılıq sahələri, o cümlədən fotoqrafiya, rəssamlıq və ədəbiyyat – 23 faiz
* İdman növləri, o cümlədən xizək, sörfinq və yürüşlər – 19 faiz
* Təbiətdə yaşamaq bacarıqları, o cümlədən yabanı bitkilərin toplanması və səmt müəyyənləşdirmə – 18 faiz
* Tarixi sənətkarlıq və ənənəvi texnikalar – 14 faiz
* Dayanıqlı həyat tərzi və təbiətin mühafizəsi ilə bağlı bacarıqlar – 13 faiz

Sorğu həmçinin göstərib ki, Avropa ölkələrinin sakinləri müxtəlif sahələrə üstünlük verirlər.

Belə ki, xarici dil öyrənmək ən çox serblər arasında populyardır və onların 45 faizi buna maraq göstərib. Rumıniyalıların 41 faizi xaricdə kulinariya kurslarına qatılmaq istəyir. İsveçdən olan respondentlərin 37 faizi qida istehsalı sahəsində bacarıqlar əldə etməyə üstünlük verir.

Sloveniyalıların 35 faizi yoqa, meditasiya və rəqs kimi sağlamlıq yönümlü fəaliyyətlərlə maraqlanır. İtaliyalı respondentlərin 31 faizi isə dulusçuluq, toxuculuq və ağac emalı kimi ənənəvi sənətkarlıq növlərini öyrənmək istəyir.

Fotoqrafiya, rəssamlıq və ədəbi yaradıcılıq kimi sahələr Xorvatiya və Serbiyadan olan respondentlər arasında eyni dərəcədə populyardır və hər iki ölkədə bu göstərici 31 faiz təşkil edir.

Sorğunun nəticələrinə görə, ukraynalılar isə idman yönümlü səyahətlərə daha çox maraq göstərirlər. Respondentlərin 28 faizi xaricdə yeni idman bacarıqları qazanmaq istədiyini bildirib.

Samir
 

0