Avtomobilin təhlükəsiz istismarı üçün nələrə diqqət etmək lazımdır? - RƏY

AVTO
10:39 / 10.01.2025
69

"Nəqliyyat vasitələrinin təhlükəsiz istismarı üçün əvvəlcə onun texniki cəhətdən saz vəziyyətdə olması lazımdır".

Bu sözləri təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, avtomobilin təhlükəsizliklə bağlı məsələləri kompleks şəkildə həll edilməlidir:

"Nəqliyyat vasitələrinin təhlükəsiz istismarı olduqca əhəmiyyətlidir. Ümumilikdə isə buna 2 prizmadan yanaşmaq olar. Birincisi, avtomobil texniki cəhətdən saz vəziyyətdə olmadıdır. İkincisi isə həmin nəqliyyat vasitəsini idarə edən sürücünün təcrübəsi və istənilən gözlənilməz hadisəyə qarşı hazırlıqlı olmasıdır".

365707

Ekspert qeyd edib ki, sürücülər mütləq şəkildə idarə etdikləri avtomobilin yaxşı vəziyyətdə olmasına daim nəzarət etməlidirlər:

"Bu, birbaşa nəqliyyat vasitəsini idarə edən şəxsin üzərinə düşən məsuliyyətdir. Sürücü əmin olmalıdır ki, idarə etdiyi nəqliyyat vasitəsi texniki cəhətdən saz vəziyyətdədir və yolda avtomobillə bağlı təhlükəli vəziyyətlə qarşılaşmaq ehtimalı yoxdur. Düzdür, bundan yüz faiz sığortalanmaq mümkün deyil, amma ən azından avtomobilin yaxşı vəziyyətdə olması kimi ilkin məqamlara nəzər yetirmək lazımdır".

Elmar Nurəliyev avtomobildə olan od söndürən balonlardan istifadə etməyi bilməyin əhəmiyyətindən də danışıb:

"Bəzən avtomobildə yanğın baş verdiyi zaman sürücü onu söndürməyi bacarmır. Hətta avtomobildə od söndürən balon olsa da, sürücü ondan istifadə edə bilmir. Nəticədə, onun doğru-düzgün təyinatı üzrə istifadə olunmaması avtomobildəki yanğının böyüməsinə və daha böyük fəsadlara yol açmasına səbəb olur. 

Hansı ki, avtomobildə olan 2 kiloqramlıq od söndürən balon açıq məkanda 5-8 saniyə müddətində 1,5-2 kvadrata yaxın yerdə baş verən yanğını söndürə bilir. Yəni, ondan düzgün istifadə etməklə yanğının qarşısını almaq olar". 

Pərviz

0