Dondurmanın qeyri-adi xüsusiyyətləri var — o, müvəqqəti olaraq boğaz ağrısını azalda və mədə problemlərində kömək edə bilər. Lakin söhbət müalicədən deyil, yalnız simptomların qısa müddətli yüngülləşməsindən gedir.
HİT.az xəbər verir ki, bu barədə RUDN Tibb İnstitutunun dosenti Olqa Tarasova RT-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, dondurma badamcıqlardakı damarların daralmasına səbəb olur və bu da iltihablı sahələrdə qan dövranını azaldır. Nəticədə şişkinlik azalır və ağrı yüngülləşir. Eyni zamanda soyuducu təsir sayəsində mədədə narahatlıq və yanma hissini də azalda bilər.
Həkim xəbərdarlıq edib ki, bu təsir müvəqqətidir və ağrı tez bir zamanda geri qayıda bilər. Bundan əlavə, güclü iltihab və ya bakterial infeksiya zamanı dondurma vəziyyəti pisləşdirə bilər.
Tarasova qeyd edib ki, boğaz ağrısı zamanı özbaşına müalicədən çəkinmək və həkimə müraciət etmək vacibdir.
Mütəxəssis həmçinin “proteinli” və “dietik” dondurmaların faydası barədə iddiaları da şərh edib. Onun sözlərinə görə, bu məhsullarda zülal və bəzi vitaminlər daha çox olsa da, onlar yenə də tam faydalı qida hesab edilmir. Lazım olan qida maddələrini almaq üçün çox böyük miqdarda dondurma yemək lazım gələr ki, bu da artıq kalori, şəkər və yağ qəbuluna səbəb olur.
Həkim vurğulayıb ki, dondurma desertdir və onu ölçülü şəkildə istifadə etmək lazımdır. Maddələr mübadiləsi pozğunluğu, piylənmə və diabet hallarında isə onun istifadəsi ciddi şəkildə məhdudlaşdırılmalıdır.
Samir


