Yaşıl çayı hər gün içsəniz, orqanizmdə nə baş verər?

SAĞLAMLIQ
18:59 / 09.06.2026
89

Yaşıl çay öz dadı və sağlamlığa faydalı xüsusiyyətlərinə görə ən populyar içkilərdən biridir. 

HİT.az xəbər verir ki, bu barədə "Real Simple" nəşri diyetoloqların fikirlərinə istinadən məlumat yayıb.

Yaşıl çayın faydaları əsasən tərkibindəki bitki mənşəli birləşmələr – polifenollar ilə əlaqəlidir.

“Yaşıl çay çox aşağı kalorilidir və əsas vitamin-mineral mənbəyi deyil, lakin tərkibində sağlamlığa müsbət təsir göstərən bioaktiv maddələr var. Bunlara kofein, L-teanin və xüsusilə katexinlər, o cümlədən epigallokatexin-3-gallat (EGCG) daxildir”, deyə diyetoloq Ceki Bridson bildirib.

Mütəxəssislərə görə, bu maddələr bir sıra müsbət təsirlərə malikdir.

Diyetoloq Natali Ledesmanın sözlərinə görə, yaşıl çay və EGCG piylənmə, diabet, ürək-damar xəstəlikləri, sinir sistemi pozuntuları və qaraciyər xəstəliklərinin profilaktikası və dəstəklənməsi üçün potensial faydalı ola bilər. Bunun səbəbi onların güclü antioksidant və iltihabəleyhinə təsiridir.

Həmçinin yaşıl çayın polifenolları bağırsaq mikrobiomunun sağlamlığını və damar funksiyalarını dəstəkləyə bilər.

Diyetoloq Kendra Heyr isə qeyd edib ki, bəzi tədqiqatlara əsasən yaşıl çay qan təzyiqinin azaldılmasında qara çaydan daha effektiv ola bilər.

Mütəxəssislərin sözlərinə görə, gündəlik yaşıl çay qəbulu yüngül enerji artımı və daha yaxşı diqqət toplama təmin edə bilər. Eyni zamanda, bu içki ürək, immun sistemi, maddələr mübadiləsi, beyin və qaraciyər sağlamlığını dəstəkləyir. Bəzi tədqiqatlar göstərir ki, yaşıl çayın müntəzəm qəbulu insult riskinin azalması ilə əlaqələndirilir.

Diyetoloqların fikrincə, gündə 1–2 fincan belə antioksidant səviyyəsini artırmağa kömək edir, optimal fayda üçün isə 3–4 fincan tövsiyə olunur. Lakin həddindən artıq istehlakın mənfi tərəfləri də var.

Yaşıl çaydakı taninlər dəmirin mənimsənilməsini azalda bilər. Buna görə də dəmir çatışmazlığı və ya anemiya riski olan insanlar yaşıl çayı yeməkdən ən az bir saat əvvəl və ya sonra içməlidirlər.

Samir

0