1940-cı il avqustun 20-də Meksikada Oktyabr İnqilabının təşkilatçılarından biri Lev Trotskiyə qarşı sui-qəsd edildi. Həmin dövrdə SSRİ-yə rəhbərlik edən İosif Stalin bu qətldən sonra daxilən yüngülləşmişdi.
Belə ki, Trotskinin avtoritetinin Sovet dövlətinə ciddi ziyan vuracağından ehtiyat edirdi. Buna görə bir iş görülməli idi və həmin dövrdə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin general-mayoru olan Naum İsaakoviç Eytinqon keçirdiyi mürəkkəb əməliyyatların nəticəsində dünya tarixinin gedişatında dəyişiklik etməyi bacardı.
Cebhe.info "Lenta.ry"-ya istinadən əfsanəvi kəşfiyyatçı N.İ.Eytinqonun həyatından yazır.
Trotskinin ölümü ...
L.Trotski V.Leninin rəqibi idi, Stalinin isə əsas düşməni idi.
1940-cı ildə o, Meksikadakı villasında yaşayırdı. Bu villa gözətçilər tərəfindən qorunurdu. Eytinqon yazdığı məqaləyə Trotskinin rəyini soruşmaq bəhanəsilə evə daxil olmağı bacarır və Trotski məqaləni oxuyan zaman Eytinqon plaşın altında gizlətdiyi, alpinistlər üçün olan buzkəsən alətlə ona xəsarət yetirir. Aldığı ölümcül yaradan Trotski səhəri gün ölür.
İnqilabi ideyalara maraq
Eytinqon 1899-cu il dekabrın 6-da Belarusiyada anadan olub. 1912-ci ildə atası vəfat edəndən sonra Eytinqon doğmalarına kömək etmək üçün işləməyə başlayıb. Bir müddət sonra isə övladının gələcəyini fikirləşən anası onu təhsil almaq üçün Moqilevskdəki Kommersiya məktəbinə göndərib. Elə bu məktəbdən Eytinqonun inqilabi ideyalara marağı başlayır və inkişaf edir. 1917-ci ildə o, Eserlər partiyasına daxil olur. Partiyanın əsas taktikası düşmənə qarşı terror idi və burada bir sıra döyüş təlimləri keçirilirdi. Bunlar isə gələcəkdə Eytinqona lazım olacaqdı... Lakin çox keçmir ki, Eytinqon partiya sıralarını tərk edir, buna səbəb isə partiyadaşlarının ideyalarının zəif olması idi... Hərbçi arzusu və karyerası 1918-ci ildə isə baş verən inqilabi hadisələr, eyni zamanda Moqilev şəhərinə Qızıl Ordunun daxil olması Eytinqonu hərbçi olmağa həvəsləndirdi.
O, süvari dəstəsinin tərkibində Qomelsk quberniyasına əks inqilabçılarla mübarizəyə göndərildi. 1919-cu ildən 20 yaşlı Eytinqonun karyerası başlayır və o, Qomelsk quberniyasının Fövqəladə Komissiyasının sədr müavini təyin edilir.
Yeni vəzifəsindən sonra o, Bolşeviklər Partiyasına daxil olur. Davıdovka kəndi yaxınlığında gedən döyüşlərdə isə o, sol ayağından ciddi yaralanır, hətta həkimlər ayağının amputasiya edilməsinin vacibliyini bildirirlər. O isə buna razılıq vermir və bəxti gətirir. Həkimlər çox çalışırlar və Eytinqonun ayağı müalicə edilir. 6 ay xəstəxanada yatan Eytinqon ayağını itirməkdən güclə canını qurtarır. Lakin ayaq ağrısı ömrünün sonuna kimi onu müşayiət edir.
Generalissimus üçün bomba
Eytinqonun bacarığı, döyüş tapşırıqlarını uğurla yerinə yetirməsi həmin vaxt Rusiyada Daxili İşlər Xalq Komitəsinin sədri Feliks Dzerjinskinin diqqətini cəlb edir və onu Başqırdıstanın Fövqaladə Komissiyasına rəhbər təyin edir. Bu vəzifədə Eytinqon yenə də xüsusi bacarıq nümayiş etdirir və qısa zamanda regionu rus və tatarlardan təmizləmək istəyən yerli radikal milliyyətçilərlə mübarizəsində qalib gəlir. 1921-ci ildə isə o, Moskvada Hərbi Akademiyanın Şərq fakültəsinə daxil olur. Təhsil aldığı iki il müddətində o, hərbi elmin sirləri ilə yanaşı, həmçinin italyan, fransız, ispan və ingilis dillərini də öyrənir. Bundan sonra Eytinqon Xüsusi İdarədə xarici işlər şöbəsində işə düzəlməyə müvəffəq olur.
Düşünmədən evləndi, ancaq...
İşi gərgin olduğuna görə evlənmək haqqında düşünməyə vaxtı yox idi. Lakin çox keçmir ki, düşünmədən evlənir və bunun da sonu boşanma ilə nəticələnir. Həmin qadından bir oğlu olur. Bir müddət sonra isə məşhur kəşfiyyatçı Vasili Zarubinin keçmiş arvadı Olqa Zarubina ilə evlənir.
1935-ci ildə o, ilk xarici ezamiyyətə - Çinin Şanxay şəhərinə gedir və bu zaman özünə "Leonid Naumov"ləqəbi götürür. Onun tapşırığı isə Çin militaristlərinin rəhbəri, generalissimus Çjan Tsolinyanı məhv etmək idi. O, bunun da öhdəsindən gəlir. İspaniyaya səfəri zamanı isə məşhur yazıçı Ernest Heminqueylə tanış olur və sonralar Heminquey yazdığı "Zənglər kimin üçün çalır" romanında Eytinqondan güclü təəssürat aldığını yazmır. Amma öz xatirələrində Eytinqon Heminquey kimi yazıçılardan insani keyfiyyətləri öyrənməyi məqsədəuyğun bilib. 1939-cu ilin yazında İspaniyaya ezamiyyəti zamanı Eytinqon 500 milyon dollarlıq qızıl ehtiyatını Moskvaya çatdırmağa müvəffəq olur.
“At, “Ana” və “Ördək”
Eytinqonun bacarığını nəzərə alan Stalin Kommunist Partiyasına maneə yaradan Lev Trotskinin qətlini də ona tapşırır. Bu zaman Eytinqon yeni ləqəb kimi "Tom" adını götürür və "Ördək" əməliyyatına başlayır. Bunun üçün iki terror qrup yaradılır. "At" və "Ana" adlı bu qruplar hərəkətə başlayır. "At"qrupunun fəaliyyəti uğursuzluqla nəticələnir. Amma "Ana" qrupunun üzvləri Trotskinin öldürmək tapşırığını layiqincə yerinə yetirə bilirlər. 1941-ci ildə isə Eytinqon Lenin ordeni ilə təltif edilir. 1942-ci ildə isə daha bir terror aktı törədir.
“Atatürk” bulvarında partlayış
Bu dəfə isə Almaniyanın İstambuldakı səfiri fon Papen hədəf seçilir və “Atatürk” bulvarında partlayış edilir, qətl həyata keçirilir...
Daha sonralar sovet kəşfiyyatçısı Eduard Şarapov Eytinqon haqqında belə yazmışdı:"Eytinqon hətta xüsusi sövdələşdirilmiş həkimlərə Stalini və Sovet hakimiyyətinin digər üzvlərini öldürməyi tapşırmışdı." Bunun üstü açılanda isə o həbs edilir və orden və medalları geri alınır...
Sovet kəşfiyyatının sonuncu cəngavəri ...
12 illik həbsxana həyatı onun xərçəng xəstəliyinə tutulması ilə nəticələnir. Qohumlarının köməyilə həbsxanadan çıxarılır və əməliyyat edilir. Bəxti gətirən Eytinqon sağalır. Bundan sonra 15 ildən artıq yaşayır. O, 1981-ci ildə vəfat edir və nəhayət, 1992-ci ildə ölümündən sonra Eytinqon bəraət alır...