Güney azərbaycanlı milli fəal Cəfər Rüstəmirad həbsxanaya geri qayıdıb

13:02 / 24.05.2020
1011

Məzuniyyəti bitən güney azərbaycanlı milli-mədəni fəal Cəfər Rüstəmirad Tehranın Evin həbsxanasına geri qayıdıb.

İran həbsxanalarında yayılan koronavirus təhlükəsinin davam etməsinə baxmayaraq Rüstəmirad mayın 21-də barəsində çıxarılmış həbs cəzasının qalan hissəsini çəkmək üçün təcridxanaya qayıdıb.

O, aprelin 2-i vəsiqə girov qoyaraq müvəqqəti azadlığa buraxılmışdı.

Rüstəmirad ailəsi ilə əlaqə saxlayaraq hazırda Evin həbsxanasının karantin bölümündə olduğunu bildirib. O əlavə edib ki, 15 gün karantində saxlanıldıqdan sonra həbsxananın 8-ci korpusuna köçürüləcək.

Cəfər Rüstəmirad 2018-ci ilin iyul ayında “Babək qalası mərasimində iştirak etməsi ehtimal olunduğu” üçün təhlükəsizlik qüvvələri tərəfindən saxlanmışdır. Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində 6 ay həbs cəzasına məhkum edilən fəalın hökmü Tehran Əyaləti Apellyasiya Məhkəməsinin 36-cı şöbəsi tərəfindən olduğu kimi qüvvədə saxlanılıb.

Fəal həbsxanaya müraciət etdikdən sonra bundan əvvəl çıxarılan 7 aylıq həbs qərarı da icraya qoyulub. O 2013-cü ildə Güney Azərbaycanın “Traxtur” və Birləşmiş Ərəb Əmirliklərinin “Əlcəzirə” komandalarının görüşü zamanı stadionda saxlanmışdır. Fəal həmin dosyeyə görə 7 ay azadlıqdan məhrum edilib.

1
Gunaz.tv