Rusiyanın yeni dəniz doktrinası təsdiqləndi: ABŞ və NATO əsas təhlükə elan edildi

DÜNYA
18:10 / 31.07.2022
839

İyulun 31-də Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyasının yeni dəniz doktrinasını, eləcə də Hərbi Dəniz Qüvvələrinin dəniz nizamnaməsini təsdiqləyib. 

HİT.az-ın "İnterfaks”a istinadən məlumatına görə, Dəniz qüvvələri günü münasibətilə Sankt-Peterburqda keçirilən hərbi dəniz paradında çıxış edən Putin bildirib ki, sənəddə Rusiyanın milli maraqlarının "sərhədləri və zonaları” "açıq şəkildə” göstərilib, Rusiya Federasiyası onların müdafiəsini "qətiyyətlə və bütün vasitələrlə” təmin edəcək.”

Rusiya Federasiyasının milli təhlükəsizliyinə çağırışlar və təhdidlər arasında Dəniz Doktrinasında aşağıdakılar qeyd olunur:

• ABŞ-ın okeanlarda hökmranlığa doğru kursu, eləcə də onların "öz dəniz qüvvələrinin böyük üstünlüyünə” nail olmaq və Rusiyanın okean resurslarına və dəniz nəqliyyatı kommunikasiyalarına çıxışını məhdudlaşdırmaq istəyi;
• "bir sıra dövlətlərin” Rusiyaya qarşı "bəzi sahilboyu və ada əraziləri” ilə bağlı ərazi iddiaları;
• NATO-nun hərbi infrastrukturunun Rusiya Federasiyasının sərhədlərinə çatdırılması;
• "Rusiya Federasiyası və onun müttəfiqləri üçün xüsusi geosiyasi əhəmiyyət kəsb edən" ərazilərdə silahlı münaqişələr;
• Arktikada xarici dəniz qüvvələrinin mövcudluğunun artırılması;
• "bir sıra dövlətlərin” dəniz məkanlarının və boğazlarının hüquqi rejimlərini dəyişdirmək cəhdləri.

Sənəddə həmçinin "dəniz fəaliyyəti üçün əsas risklər” sadalanır, o cümlədən:

• rus ticarət donanmasının beynəlxalq daşımalarda kifayət qədər olmayan iştirakı;
• Rusiya xarici ticarətinin gəmiçilik və dəniz boru kəməri sistemlərindən "böyük asılılığı";
• Rusiyanın gəmiqayırma və neft-qaz şirkətlərinə qarşı sanksiyaların tətbiqi;
• rus tədqiqat donanmasının tərkibinin və vəziyyətinin müasir tələblərə və "tapşırıqların miqyasına" uyğun gəlməməsi;
• Rusiyadan kənarda kifayət qədər sayda hərbi-dəniz bazalarının olmaması;
• okeanların iqlim dəyişikliyinə təsiri, bu, "təbii fəlakətlərin tezliyinin və intensivliyinin artması" ilə xarakterizə olunur.

0