Müharibə davam edərkən Ukraynada prezident seçkiləri keçirilməlidir? - RƏY

DÜNYA
15:40 / 08.09.2023
704

Ukraynada gələn il prezident seçkiləri keçirilə bilər.

Hazırda Ukraynanın müharibə vəziyyətində olduğunu və bunun uzama ehtimalı nəzərə alsaq, seçkilərin aqibətinin bəlli olmadığını görə bilərik. Üstəlik, Ukrayna Konstitusiyasına görə də müharibə vəziyyətində seçkilər təxirə salınır. Buna baxmayaraq, Prezident Volodimir Zelenski seçkilərin keçirilə biləcəyini də istisna etməyib. O, qorxmadığını və qanunvericiliyə dəyişiklik edərək, seçkiləri keçirə biləcəkləri deyib. Zelenski həmçinin, yenidən prezidentliyə namizəd olacağını da elan edib. 

Lakin onun bu fikirləri birmənalı qarşılanmayıb. Nəzərə almaq lazımdır ki, müharibə başlayandan Ukraynada yüzminlərlə insan həlak olub, milyonlarla vətəndaş ölkəni tərk etmək məcburiyyətində qalıb. Açığı, belə bir vəziyyətdə seçkilərin keçirilə biləcəyi də inandırıcı görünmür. Buna baxmayaraq, Volodimir Zelenskinin belə bəyanatla çıxış etməsi bəzi sualların gündəmə gəlməsinə səbəb olub.

Maraqlıdır, gələn il Ukraynada prezident seçkiləri keçirilməlidirmi? Zelenski namizəd olsa indiki vəziyyətdə qazanar, yoxsa məğlub olar?

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı HİT.az-a açıqlamasında bildirib ki, Ukraynada indiki mərhələdə seçki keçirmək düzgün deyil:

333410

"İndiki mərhələdə əsas məsələ bütün dünyaya Ukraynanın demokratik ölkə olduğunu sübut etmək yox, onun qalib gəlməsidir. Əgər Ukrayana məğlub olsa, bu seçkilərin heç bir önəmi olmayacaq və unudulub gedəcək. Ona görə də oyun oynamaq yox, qalib gəlib demokratik cəmiyyət qurmaq lazımdır.

Üstəlik, müharibələr dönəmi insan azadlıqları məhdudlaşdırıla bilər. Bu nə azadlıqlara qarşıdır, nə də ümumiyyətlə liberal konsepsiyaya. Hal hazırda əsas məsələ insanları, onların canını və mülküni qorumaqdır".

Onun sözlərinə görə, seçki keçirilsə Zelenski qalib gələcək:
"Demokratik seçki kampaniyası o deməkdir ki, rəqabət olacaq. Müharibə gedə-gedə rəqabət, yoxsa birlik vacibdir? Bir də ki, potensial namizədlərin bir qismi (az hissəsi də deyil) müharibədədir və əli silahlıdır. Bu baxımdan, insanlar iştirak edə bilməyəcəksə, seçki ədalətli olmayacaq.

Lakin seçki olsa, böyük ehtimalla Zelenski qalib gələr. İndiki məqamda ondan başqasını təsəvvür etmək mümkün deyil. Prosesi o aparır və yaxşı da aparır. Fikrimi Bismarkın dediyi kimi yekunlaşdırmaq istəyirəm: problemlər səs verməklə deyil, qan və dəmirlə həll olunur".

Pərviz

1