Türk lirəsini 2024-cü ildə nə gözləyir?

DÜNYA
11:30 / 10.01.2024
309

"2024-cü ildə türk lirəsinin dollar qarşısındakı kursunu dəyərləndirmək üçün məsələyə bir neçə aspektdən baxmaq lazımdır".

İqtisadçı ekspert Elman Sadıqov bu barədə Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, türk lirəsinin kursu təkcə Türkiyənin daxilində olan vəziyyətdən asılı deyil:

"Bura həm də dünya bazarlarında baş verən hadisələr, qiymətlərin dəyişilməsi və siyasi risklər daxildir. Nəzərə almaq lazımdır ki, Türkiyə enerji idxal edən ölkədir. Ona görə də 2024-cü ildə dünyada neftin və qazın qiymətinin necə olacağı da türk lirəsinə təsir edən amillərdən biri olacaq. 

Əgər bu il ərzində neft və qaz qiymətləri ciddi dəyişikliklərə məruz qalarsa, xüsusilə neftin gündəlik orta bazar qiyməti yüksək olarsa, bu, türk lirəsinə mənfi təsir göstərəcək. Amma neftin 2024-cü ildə orta gündəlik qiyməti aşağı olması türk lirəsinə müsbət təsir göstərən amillərdən biri olacaq".

341484

Ekspert qeyd edib ki, Türkiyənin idxal etdiyi bəzi məhsulların qiymətində kəskin artışın olmaması türk lirəsinə müsbət təsir göstəcək:

"Türkiyənin daxilində isə vəziyyət stabilləşməyə doğru gedir. Belə ki, qardaş ölkə 2023-cü ildə rekord ixrac göstəricisinə nail olub. Türkiyənin ötən ilin sonunda olan ixracı 255 milyard 809 milyon dollara yüksəlib. Həmçinin, sözügedən ölkənin toplam ehtiyatları da may-dekabr ayları ərzində 48% artıb. Yəni toplam ehtiyatlar 46 milyard 955 milyon dollar artış göstərib. 

Ümumiyyətlə, türk lirəsinin kursunun sərbəst buraxılması və faiz dərəcələrinin yüksəldilməsi Türkiyənin milli valyutasına birbaşa olaraq müsbət təsir göstərib. Bu, türk lirəsinin ABŞ dolları qarşısında kəskin dəyər itirməsin qarşısını alıb".

Elman Sadıqovun sözlərinə görə, bu il ərzində dünyada ciddi şok hadisələr olmasa və mövcud vəziyyət davam etsə, türk lirəsi təzyiqlə üzləşməyəcək:

"Çünki hazırda türk lirəsinə ciddi təsir göstərən amillər yumşalıb. Düşünürəm ki, 1 dollar 2024-cü ildə 30-35 türk lirəsi ətrafında seyr edəcək. Yəni indiki vəziyyətdə türk lirəsinin kəskin çöküşü artıq gündəmdən çıxıb".

Pərviz

0