“Oğlum Fransa rəsmiləri tərəfindən terror münasibəti ilə üzləşib”

DÜNYA
19:54 / 25.02.2024
179

“Nazione” hərəkatı Korsikada yaxın zamanlarda yaradılıb. Yaranmasından iki gün sonra mənim oğlum, hərəkatın fəallarından olan Anto Simoni Fransa polisi tərəfindən çox kobud şəkildə həbs edildi. Onun iki azyaşlı uşağı var və bu hadisə uşaqların gözləri qarşısında baş verib. Oğlum adi bir maliyyəçidir, o, maliyyə məsələləri üzrə ekspertdir və ətrafında, xüsusilə gənclər arasında çox böyük nüfuza sahibdir. Oğluma, eyni zamanda, hərəkat daxilində də ciddi hörmət göstərilir. Elə bu səbəbdən də o, Fransa rəsmiləri tərəfindən bir növ terror münasibəti ilə üzləşib.

Bu barədə AZƏRTAC-a müsahibəsində Korsika “Nazione” hərəkatının koordinasiya bürosunun üzvü Alan Antuan Simoni bildirib.

Oğlunun Fransa polisi tərəfindən saxlanılma anları haqqında danışan Simoni deyib: “Fransa polisi oğlumun evinin qapısını partladaraq açıb. Halbuki o özü qapını açmağa etiraz etməyib. Bunun ardından oğlumu yerə yatıran polis əməkdaşları onun qollarını qandallayaraq başına silah dayayıb və bütün bunlar beş yaşlı nəvəmin gözləri qarşısında baş verib. Uşaq ağlı ilə atasını azad etmək istəyən körpəyə cavab olaraq isə uşaq kənara atılıb və onun bütün oyuncaqları sındırılıb. Hadisə ilə bağlı Korsikada baş verə biləcək etirazlar nəzərə alınaraq oğlum dərhal Parisə aparılıb. Düzdür, bəzi etiraz aksiyaları da oldu. Hadisədən təxminən üç həftə sonra oğlum nəzarətdən buraxıldı. Lakin onun Korsikaya, ailəsinin yanına qayıtmasına qadağa qoyulub. Məntiqlə düşünsək həbsdən buraxılan bir insan haqqında hansısa ittihamın olmadığını və onun səbəbsiz yerə belə münasibətə məruz qaldığını anlamaq elə də çətin deyil.”

“Bəli, dünyada bəlkə də milyonlarla insan bu cür hadisələrlə üzləşib, lakin özünü insan haqları ölkəsi bəyan edən Fransada bu cür münasibətin göstərilməsi sadəcə dəhşətverici hadisədir”, -deyə müsahib bildirib.

0