Müharibələrin bitməsini istəməyən qüvvə: ABŞ

DÜNYA
20:37 / 28.02.2024
416

Dünyadakı müharibələrin bir çoxunun arxasında ABŞ-nin olduğunu görürük.

ABŞ müxtəlif dünya ölkələrindəki müharibələrə bu və ya digər yollarla müdaxilələr edir. İraq, Suriya, Əfqanıstan, Livan kimi çox sayda nümunə göstərmək olar. Rəsmi Vaşinqtonu proseslərdə iştirakını ən çox gördüyümüz savaş isə heç şübhəsiz Ukraynada yaşandı. Belə ki, Ukraynadakı müharibənin başından bəri iqtisadi, hərbi və siyasi cəhətdən ən çox dəstək verən ölkə ABŞ oldu. 

Ağ Ev Ukraynadakı müharibənin dayanamaması üçün bütün həmlələri etdi. Hətta Kiyev administrasiyası müharibəni dayandırmaq istədikdə belə Co Bayden hakimiyyəti buna sərt şəkildə qarşı çıxdı. Onlar, müharibənin davam etməsi üçün hər cür dəstəyi verdilər. Əlbəttə ki, ABŞ-nin məqsədi Ukraynanı işğaldan qurtarmaq yox, əsas rəqibi olan Rusiyanı zəiflətmək idi. 

Onların Ukraynaya verdiyi bütün dəstək məhz buna hesablanmışdı. Rusiyanı tarixin ən çox sanksiyaya məruz qalan ölkəsi edərək də bu niyyətlərini biruzə verdilər. Başda ABŞ olmaqla Qərb dünyası geridə qalan 2 il ərzində hədəflərinə müəyyən qədər nail oldular. Lakin Rusiyanı tamamilə diz çökdürə və ya parçalaya bilmədilər. Görünür, Vladimir Putin də müharibəyə başlamadan öncə doğru analizlər etmişdi. Nəticə etibarilə, ABŞ artıq Ukraynadakı müharibədən yorularaq diqqətini İsrailə yönəldib. 

Yəni İsrail-HƏMAS müharibəsi başladıqdan sonra Ukraynada rəsmi Vaşinqton üçün geri plana düşdü. ABŞ Kiyev administrasiyasına maddi, hərbi və siyasi dəstəyini azaltmağa və hətta Ukraynanın məğlub ola biləcəyinə dair bəyanatlar verdi. Əvəzində isə İsraildəki müharibənin davam etməsi üçün hər şeyi etdilər. 

Hətta o qədər irəli getdilər ki, BMT Təhlükəsizlik Şurasında Qəzzadakı əməliyyatların dayanması üçün keçirilən bütün səsvermələri ABŞ veto etdi. Daha doğrusu, Ağ Ev Qəzzadakı müharibənin dayanmasına deyil, davam etməsinə səs verdi.

Əslində rəsmi Vaşinqton bu müharibəyə də İsrail və ya Fələstin prizmasından yanaşmır. ABŞ hər zaman olduğu kimi dünyanın müxtəlif ərazilərində uzun illər davam edən müharibə meydanları yaratmaq və sözügedən yerlərin təbii sərvətlərindən yararlanmağa çalışır. Bu səbəbdən də Bayden hakimiyyəti İsraillə HƏMAS arasındakı müharibənin Rusiya-Ukrayna müharibəsi kimi uzun olmasını və hətta onun yerini almasını istəyir. 

Görünən odur ki, ABŞ İsrail-HƏMAS müharibəsi ilə Yaxın Şərqdəki mövqelərini gücləndirmək və oradakı proseslərə birbaşa müdaxilə etməyi hədəfləyir...

Pərviz

0