"Türkiyə ilə İsrail arasındakı mövcud gərginliyin səbəbi sırf regional və geosiyasi maraq toqquşmasıdır".
Bu sözləri politoloq Turan Rzayev Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, Türkiyə ilə İsrail Yaxın Şərqin aparıcı ölkələridir:
"Aydın məsələdir ki, iki ölkə arasında hərbi qüvvə balansı kəskin şəkildə Türkiyənin xeyrinədir. Yəni güclü tərəf açıq şəkildə Türkiyədir. Lakin İsrailin diplomatik gücü, beynəlxalq nüfuzu və maliyyə resurslarına əlçatanlılığı Türkiyəni üstələyir.
Əslində, tərəflər aralarındakı gərginliyə rəğmən, bəlkə də Yaxın Şərqin ən böyük iqtisadi tərəfdaşlarındandır. Hətta bu gün belə İsraildəki siyasi elitaya bağlı şəxslərin bir çoxunun Türkiyədə investisiyaları var. Eyni qaydada, türklərin də İsraillə əməkdaşlıqları mövcuddur. Tərəflər arasındakı ən böyük əməkdaşlıqlardan biri məhz enerji ilə bağlıdır".
Lakin ekspert qeyd edib ki, Ankara ilə Təl-Əviv arasında siyasi sferada isə gərginliklər var:
"Əslində, İsrailin regiona baxışı Ankara hakimiyyəti tərəfindən doğru qiymətləndirilmir. Türklər israillilərin vəd olunmuş adlandırdıqları torpaqları ələ keçirməyə çalışdıqlarını düşünürlər. Mən isə eyni fikirdə deyiləm.
Çünki regionda yüz milyondan çox ərəb, türk və kürd nüfuzu var. Bu reallıqlar çərçivəsində İsrailin həmin arzularını reallaşdırması çətin məsələdir. Türkiyə isə regiona öz nüfuz dairəsi kimi baxır. Rəsmi Ankara özünü Osmanlı İmperiyasının varisi kimi görür. Hər iki ölkə də regionun hegemonu olmaq istəyir".
Turan Rzayevin fikrincə, Yaxın Şərqin bugünkü vəziyyəti 20-ci əsrin əvvəllərindəki Avropasını xatırladır:
"Birinci Dünya müharibəsi ərəfəsində Avropada Almaniya, Fransa və Böyük Britaniya kimi 3 hegemon mərkəzi güc var idi. Eyni vəziyyət Yaxın Şərqdə də var. Hazırda həmin regionda da Türkiyə, İsrail və Səudiyyə Ərəbistanı kimi 3 əsas güc mövcuddur.
ABŞ uzun müddətdir ki, Yaxın Şərqdə Avropa İttifaqına bənzər bir sistem qurmağa çalışır. Türkiyə də bu planı dəstəkləyir, ancaq tamamilə Avropa İttifaqı kimi bir təşkilat yaranmasını istəmir. Çünki Avropa İttifaqı ABŞ-nin nəzarətindəki sistemdir. Ankara hakimiyyəti isə belə bir nəzarəti qəbul etmir".
Politoloq diqqətə çatdırıb ki, Türkiyə özünün nəzarətində olan bir sistem qurmaq istəyir:
"Məsələn, Türkiyə İraq və Suriyada bunu bacarıb. Amma regionu tamamilə əhatəyə ala bilməzlər. Çünki regionda Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətər kimi güclü ərəb dövlətləri var. Təbii olaraq bu ölkələr də ərəb coğrafiyasında hakimiyyət istəyəcəklər.
Ümümiyyətlə, Türkiyə ilə İsrail aradımda bu mənada həm dini, həm də siyasi baxış fərqlilikləri var. Bütün bunların hamısı başlıca narazılıq səbəbləridir. Lakin bütün bunlar tərəflər arasında müharibəyə səbəb olmaz".
Turan Rzayev hesab edir ki, Türkiyə ilə İsrail arasında müharibə olmayacaq:
"Türkiyənin İsraillə müharibə aparmaq üçün məqsədi yoxdur. Həmçinin, İsrailin təkbaşına Türkiyənin qarşısına ala biləcəyi də inandırıcı deyil. Ümumiyyətlə, Türkiyə müharibə ediləcək bir ölkə deyil. Onunla sadəcə proksi mübarizə apara bilərlər. Üstəlik, dünyadakı heç bir dövlət Türkiyəni qarşısına almaq istəməz. Bütün bunlara görə yaxın zamanda Türkiyə ilə İsrail arasında müharibənin baş verməsi qeyri-mümkündür".
Pərviz