Cənubi Koreyada tarixdə ilk dəfə havanın temperaturu 41,4 dərəcəyə yüksələrək milli rekord qeydə alınıb.
HİT.az xəbər verir ki, ölkənin Meteorologiya İdarəsinin (KMA) məlumatına görə, rekord göstərici ölkənin cənub-şərqində yerləşən Yanqsan şəhərində ölçülüb. Son üç gündə burada temperatur 40 dərəcədən yuxarı olub və yerli vaxtla saat 13:40-da 41,4 dərəcə qeydə alınıb.
KMA bildirib ki, bu göstərici 2018-ci ilin avqustunda Honqçon şəhərində qeydə alınmış 41 dərəcəlik əvvəlki milli rekordu geridə qoyub.
Qurum xatırladıb ki, ASOS meteoroloji müşahidə sistemi üzrə məlumatların toplanmasına 1973-cü ildə başlanılıb və Yanqsanda ölçülən 41,4 dərəcə həmin vaxtdan bəri qeydə alınan ən yüksək temperaturdur.
Meteorologiya İdarəsi Yanqsanın yerləşdiyi Cənubi Gyeonsan əyalətinin bəzi bölgələri üçün ən yüksək səviyyəli isti hava xəbərdarlığı elan edib. Ölkənin böyük hissəsində isə isti hava ilə bağlı xəbərdarlıq və tövsiyələr qüvvədə qalır.
KMA-nın açıqlamasına görə, anomal istilərə eyni vaxtda təsir göstərən Şimali Sakit okean yüksək təzyiq sistemi və Tibet yüksək təzyiq sistemi səbəb olub. Bildirilir ki, bu iki atmosfer sistemi Koreya yarımadasını qübbə kimi örtərək isti havanı bölgədə saxlayır, buludların yaranmasını məhdudlaşdırır və temperaturun ölkə üzrə yüksəlməsinə şərait yaradır.
Samir

