Qırmızı dənizdə təhlükəsizlik risklərinin artması Səudiyyə Ərəbistanından neft daşıyan tankerlərin marşrutunu dəyişməsinə səbəb olub.
HİT.az xəbər verir ki, "Bloomberg"in məlumatına görə, hazırda altı Səudiyyə Ərəbistanı neft tankeri Bab əl-Məndəb boğazından keçmək əvəzinə Afrikanın ətrafı ilə hərəkət edir. Buna səbəb Yəməndə fəaliyyət göstərən husi qruplaşmasının bölgədə gəmiçiliyə yaratdığı təhlükədir.
Gəmilərin izlənməsi sistemlərinin məlumatına əsasən, boş vəziyyətdə olan "Hazm" və "Dilam" adlı iki iri neft tankeri Aralıq dənizində əsas yanacaq doldurma mərkəzlərindən biri olan Cəbəllütariq istiqamətində üzür. "Ghinah", "Laynah", "Salam" və "Burqan" adlı digər tankerlər isə Cənubi Afrikanın Durban limanına və ya Alqoa körfəzinə doğru hərəkət edir.
Məlumata görə, Səudiyyə Ərəbistanı Qırmızı dəniz sahilində yerləşən Yanbu ixrac limanından Asiya bazarına göndərilən neftin bir hissəsini alternativ marşrutla nəql etməyə başlayıb.
Ekspertlərin qiymətləndirməsinə əsasən, Bab əl-Məndəb boğazından keçmək əvəzinə Afrikanın ətrafı ilə üzmək tankerlərin səfər müddətini ən azı iki həftə uzadır.
Məqalədə qeyd olunur ki, İranın dəstəklədiyi husi qüvvələrinin Qırmızı dənizdəki Səudiyyə limanlarına daxil olan gəmilərə hücum edəcəyi ilə bağlı təhdidləri gəmi sahiblərini marşrutlarını yenidən nəzərdən keçirməyə vadar edib. Bununla belə, bəzi gəmilər, o cümlədən Çin və Pakistan bayrağı altında üzən tankerlər Bab əl-Məndəb boğazından keçməyə davam edir.
"Kpler" analitik şirkətinin məlumatına görə, iyulun 30-da təxminən 26 yük gəmisi Bab əl-Məndəb boğazını müxtəlif istiqamətlərdə keçib. Həmin gün Hörmüz boğazından isə cəmi iki gəmi keçib. Eyni zamanda, Fars körfəzindən neft daşıyan bəzi tankerlərin transponderləri söndürülmüş vəziyyətdə hərəkət etdiyi də müşahidə olunub.
Analitiklər bildirirlər ki, bölgədəki gərginlik enerji bazarlarına da təsir göstərir. Son günlər "Brent" və WTI markalı neftin qiyməti orta hesabla bir barel üçün təxminən 3 ABŞ dolları bahalaşıb. Qısamüddətli perspektivdə "Brent" markalı neftin qiymətinin 100 ABŞ dollarına çata biləcəyi istisna edilmir.
Bundan əlavə, Asiya ölkələrinin Fars körfəzindən mayeləşdirilmiş təbii qaz tədarükünü artırması Avropada qaz və elektrik enerjisinin qiymətlərinin yüksəlməsi riskini artırır.
Samir


