ABŞ Hərbi Dəniz Qüvvələrinin İkinci Dünya müharibəsi ərəfəsində inşa etdiyi məşhur "İowa" sinfinə aid dörd döyüş gəmisi layihələndirildiyi əsas missiyanı heç vaxt yerinə yetirməyib.
HİT.az xəbər verir ki, bu barədə hərbi analitik Harri J. Kazianis "19FortyFive" nəşrində dərc olunan məqaləsində yazıb.
Məlumata görə, 1938-ci ildə layihələndirilən "İowa", "New Jersey", "Missouri" və "Wisconsin" döyüş gəmiləri sürətli Yapon linkorlarına qarşı dəniz döyüşləri aparmaq üçün hazırlanmışdı. Güclü silahlanmaya və yüksək sürətə malik olan bu gəmilər 45 min ton su tutumuna, 16 düymlük Mark 7 toplarına sahib idi.
Lakin İkinci Dünya müharibəsinin gedişində dəniz müharibələrinin xarakteri dəyişdi. Aviadaşıyıcılar əsas hücum vasitəsinə çevrildiyindən "İowa" sinfinə aid gəmilər planlaşdırıldığı kimi düşmən linkorları ilə duelə çıxmaq əvəzinə, əsasən aviadaşıyıcıları hava hücumlarından qorumaq, sahil obyektlərini bombardman etmək və donanmanın flaqman gəmisi kimi fəaliyyət göstərmək məcburiyyətində qaldılar.
Müharibə dövründə bu gəmilər Yaponiyaya qarşı bir sıra mühüm əməliyyatlarda iştirak etsələr də, heç biri düşmən linkoruna əsas artilleriyası ilə atəş açmayıb.
Ekspert qeyd edir ki, "İowa" və "New Jersey" 1944-cü ildə Truk bazasına qarşı keçirilən "Hailstone" əməliyyatından sonra Yaponiyanın geri çəkilən gəmilərini təqib edərək yüngül kreyser "Katori" və "Maikaze" esminesinin məhv edilməsində iştirak edib.
Həmin il Leyte körfəzi uğrunda döyüş zamanı isə bu iki gəmi Yaponiyanın əsas döyüş gəmiləri ilə qarşılaşmağa çox yaxın olsa da, taktiki qərarlar səbəbindən birbaşa toqquşma baş verməyib.
1944-cü ilin sonunda xidmətə qoşulan "Wisconsin" Filippin, İvodzima və Okinava əməliyyatlarında iştirak edib, Yaponiya ərazisindəki sənaye obyektlərini bombardman edib. 1945-ci ildə döyüşlərə qatılan "Missouri" isə Tokio istiqamətində əməliyyatlarda iştirak edib, kamikadze hücumuna məruz qalsa da, ciddi zərər görməyib.
Məhz "Missouri" döyüş gəmisinin göyərtəsində 2 sentyabr 1945-ci ildə Yaponiyanın rəsmi kapitulyasiya aktı imzalanaraq İkinci Dünya müharibəsinə son qoyulub.
Qeyd edək ki, "İowa" sinfindən ümumilikdə altı gəminin tikintisi planlaşdırılsa da, "Illinois" və "Kentucky" layihələri tamamlanmayıb. Müharibənin sonlarına doğru ABŞ hərbi strategiyasında aviadaşıyıcılara, sualtı qayıqlara və desant gəmilərinə üstünlük verilməsi bu qərarın əsas səbəbi olub.
Samir

