Rusiya daxili bazarda yanacaq çatışmazlığını kompensasiya etmək məqsədilə Mərakeşdən dəniz yolu ilə Aİ-92 markalı təxminən 30 min ton benzin idxal edib.
HİT.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, bu, Moskvanın daxili bazardakı yanacaq qıtlığını xarici tədarüklərlə aradan qaldırmaq istiqamətində ilk addımı deyil. Bundan əvvəl Rusiya Belarus və Qazaxıstandan dəmir yolu ilə benzin idxalını genişləndirib, həmçinin yanacaq ixracına qadağa tətbiq edib.
Bildirilir ki, Panama bayrağı altında üzən tanker iyulun ortalarında Mərakeşin Tanjer limanında benzin yükləyib və hazırda yükü Rusiyanın Arktika bölgəsində yerləşən Murmansk limanında boşaldır. Yanacağın tədarükçüsü "Lukoyl" şirkəti olub.
Bundan əvvəl, iyulun 1-də "Reuters" Rusiyanın Hindistandan da dəniz yolu ilə benzin idxal etməyə başladığını yazmışdı. Agentliyin məlumatına görə, Moskva bu addımla enerji infrastrukturuna endirilən zərbələr fonunda yaranan yanacaq çatışmazlığını yumşaltmağa çalışır.
İqtisadçı Oleq Pendzinin sözlərinə görə, Rusiya neft məhsulları idxalından getdikcə daha çox asılı vəziyyətə düşür və ölkənin ucqar bölgələrində yanacaq təminatı ilə bağlı ciddi problemlər müşahidə olunur. O bildirib ki, mövcud resurslar ilk növbədə Moskva regionunun təminatına yönəldilir.
Bundan başqa, məlumatlara əsasən, Ukrayna pilotsuz uçuş aparatlarının zərbələri nəticəsində Rusiyanın ən iri neft emalı zavodlarının bir hissəsi zədələnib və bu, ölkənin daxili neft emalı gücünün təxminən 40 faiz azalmasına səbəb olub.
Samir


