İtaliyada göldən nəhəng balığı tutanlara maliyyə dəstəyi veriləcək

DÜNYA
21:57 / 03.08.2026
53

İtaliyanın Veneto bölgəsinin hakimiyyəti Qarda gölündə invaziv naqqa balığının sayını azaltmaq üçün maliyyə proqramı elan edib. 

HİT.az xəbər verir ki, "Il Nordest Quotidiano" nəşrinin məlumatına görə, vəsait peşəkar balıqçılıqla məşğul olan müəssisələrə ayrılacaq.

Nəşrin yazdığına görə, son illər Avropa naqqa balığı Qarda gölünün, xüsusilə Veneto və Lombardiya bölgələrinin sərhədində yerləşən cənub hissəsinin balıq ehtiyatlarına ciddi ziyan vurur. Balıqçılar uzunluğu iki metrdən çox olan iri fərdləri getdikcə daha tez-tez tuturlar. 

Avropanın ən iri şirin su yırtıcılarından biri hesab edilən naqqa balığı gölə yad növ kimi daxil olub və zamanla burada möhkəmlənib. Qida zəncirinin yuxarı pilləsində yerləşən bu növ yerli balıq populyasiyalarına təzyiq göstərərək ekoloji tarazlığı pozur və biomüxtəlifliyə mənfi təsir edir.

Bundan başqa, güclü çənələri səbəbindən balıqçı torlarını tez-tez zədələyir və peşəkar balıqçıların əlavə xərclərlə üzləşməsinə səbəb olur.

Regional hakimiyyət Qarda gölündə fəaliyyət göstərən və naqqa balığının sənaye üsulu ilə ovunu genişləndirmək istəyən müəssisələr üçün maliyyə müsabiqəsi elan edib.

"Veneto bölgəsi hazırda göl və onun ekosistemi üçün ən ciddi problemlərdən birinə müdaxilə edir. Naqqa balığı invaziv növdür, yerli balıq faunasına təzyiq göstərir və gölün təbii tarazlığını pozur", deyə Veneto regionunun balıqçılıq məsələləri üzrə müşaviri Dario Bond bildirib.

Proqramın şərtlərinə əsasən, maliyyə dəstəyinə yalnız sahibi və ya tərəfdaşlarından biri Qarda gölündə peşəkar balıqçılıq hüququna malik şəxslərin reyestrində qeydiyyatda olan müəssisələr müraciət edə biləcək.

Kompensasiya uyğun xərclərin 100 faizini, lakin hər müəssisə üçün maksimum 20 min avroyadək əhatə edəcək. Vəsait xüsusi torların, balıq ovu avadanlıqlarının, saxlanma və satış üçün lazım olan ləvazimatların alınmasına yönəldilə bilər. Bu proqram üçün ümumilikdə 100 min avro ayrılıb.

Hakimiyyət yalnız invaziv balığın sayını azaltmağı deyil, həm də onun satışı üçün yeni bazar formalaşdırmağı hədəfləyir. Mərkəzi Avropa ölkələrində naqqa balığı ətinə tələbatın yüksək olduğu qeyd olunur və Veneto bölgəsində bu növün ovu və satışı üzrə ayrıca istehsal zəncirinin yaradılması planlaşdırılır.

Nəşr bildirir ki, oxşar yanaşma İtaliyada Adriatik dənizi sahillərində yayılan invaziv mavi xərçəngin populyasiyasının məhdudlaşdırılması üçün də tətbiq edilir.

"Məqsəd ikidir: Qarda gölünün balıq ehtiyatlarına invaziv növün təsirini azaltmaq və eyni zamanda Veneto müəssisələri üçün yeni bazar imkanları yaratmaq", deyə Dario Bond vurğulayıb.

Samir
 

0