Almaniyanın əmək naziri Bərbel Bas ölkənin büdcə vəziyyətini “fəlakətli” adlandırıb. Onun sözlərinə görə, buna dünyada davam edən silahlı münaqişələr və Almaniyanın texnologiya sahəsində lider mövqelərini itirməsi səbəb olub.
HİT.az xəbər verir ki, nazir bu fikirləri ZDF telekanalına müsahibəsində səsləndirib.
“Bizim büdcə vəziyyətimiz fəlakət həddindədir. Çox vaxt diqqətdən yayınan məqam ondan ibarətdir ki, dünyada gedən müharibələr iqtisadiyyatımıza təsir göstərir. Bundan əlavə, biz artıq bir çox texnoloji sahədə lider deyilik. Çin və digər ölkələr bizi geridə qoyub”, deyə Bərbel Bas bildirib.
Nazir gələcəyin perspektivli sahələrinə investisiyaların artırılmasına və bürokratik maneələrin azaldılmasına çağırıb.
“Düşünürəm ki, insanlar ilk növbədə iş yerlərinin və dolanışıqlarının təhlükəsiz olduğuna yenidən əmin olmalıdırlar”, deyə o əlavə edib.
Bərbel Bas qeyd edib ki, mövcud vəziyyət hakim Almaniya Sosial Demokrat Partiyasının (SPD) fəaliyyəti ilə bağlı deyil. Onun sözlərinə görə, əgər 2025-ci ildə Bundestaq seçkilərində ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) Partiyası hakimiyyətə gəlsəydi, eyni problemlərlə üzləşəcəkdi.
Samir


