İnvaziv siçovullar və vəhşi keçilər adadan məhv edildikdən sonra bitki örtüyü sürətlə bərpa olunub, quşlar geri qayıdıb, nadir kərtənkələnin populyasiyası isə 13 dəfə artıb.
HİT.az xəbər verir ki, bu barədə “Times of India” yazıb.
Bir neçə il əvvəl Redonda tamamilə fərqli görünürdü. İnvaziv siçovullar yerli canlıları məhv edir, vəhşiləşmiş keçilər isə bitki örtüyünü tamamilə yeyirdi. Bitki örtüyünün məhv olması nəticəsində torpaq və daşlar dənizə yuyulur, adanın ətrafındakı mərcan riflərinə zərər vururdu.
Redondanın bərpası proqramına 2016-cı ildə başlanılıb. Bir il sonra təbiəti mühafizə təşkilatları invaziv siçovullardan və vəhşi keçilərdən tamamilə xilas olmağa nail olublar. Nəticə mütəxəssislərin gözlədiyindən daha sürətli və genişmiqyaslı olub.
2023-cü ilə qədər adadakı bitki örtüyünün ümumi biokütləsi 2000 faizdən çox artıb. Redondaya 15 növ quru quşu geri qayıdıb, endemik sürünənlərin sayı isə dörd dəfədən çox artıb.
Xüsusilə nadir Redonda yer əjdahası adlı kərtənkələnin populyasiyasının bərpası diqqət çəkib. 2017-ci ildən etibarən onun sayı 13 dəfə artıb.
Bitki örtüyünü məhv edən heyvanlar yox olduqdan sonra təbiət özünü bərpa etməyə başlayıb.
Adada minlərlə ağac və digər bitkilər böyüyüb. Onlar torpağı saxlamağa və onun okeana yuyulmasının qarşısını almağa başlayıblar. Eyni zamanda dəniz quşları da adaya qayıdıb və bununla ekosistemin digər elementləri tədricən bərpa olunub.
Yeni qoruq yalnız quru ərazini deyil, adanı əhatə edən dəniz ekosistemlərini də əhatə edir. Artıq mərcan rifi, dəniz çəmənlikləri və mütəxəssislərin hesablamalarına görə ən azı 30 nadir və ya nəsli kəsilmək təhlükəsi altında olan növün yaşadığı digər yaşayış məkanları da mühafizə altındadır.
Ekoloqlar bildiriblər ki, Redondadakı işlər bununla başa çatmır. Gələcəkdə bəzi yerli növlərin, o cümlədən iquanaların və gecə bayquşlarının adaya qaytarılması nəzərdən keçirilir.
Samir


