Almaniyanın Türingiya əyalətində bütöv bir kənd kompleksi cəmi 390 min avroya satışa çıxarılıb. Bu məbləğ London şəhərində orta qiymətli mənzilin dəyərindən daha aşağıdır.
HİT.az xəbər verir ki, “Daily Mail”in məlumatına görə, 24 min kvadratmetr ərazini əhatə edən kompleksdə ümumilikdə 15 bina yerləşir. Elan Almaniyanın “Kleinanzeigen” saytında “Bütöv kəndi alın – inkişaf potensialı olan əmlak” başlığı ilə dərc edilib.
Satışa çıxarılan ərazidə hər birinin sahəsi təxminən 100 kvadratmetr olan 15 birmərtəbəli bina, həmçinin 300 kvadratmetrlik mərkəzi yeməkxana binası var. Binaların daxili avadanlıqları və arakəsmələri sökülüb. Əraziyə elektrik və su xətləri də çəkilib.
Məlumata görə, kompleks 1954–1990-cı illərdə istifadə olunub. Əvvəlcə burada yerli metallurgiya müəssisəsində peşə təhsili alan şagirdlər yaşayıb. Daha sonra ərazi istirahət bazasına çevrilib.
Kompleks bir müddət istifadəsiz qaldıqdan sonra 2000-ci ildən yenidən yaşayış məqsədilə istifadə edilməyə başlanıb.
Ucuz qiymətə baxmayaraq, əmlakın gələcək istifadəsi ilə bağlı ciddi hüquqi məhdudiyyət mövcuddur.
Almaniyanın ərazi planlaşdırılması qanunvericiliyinə əsasən, torpaq yaşayış məntəqələrindən kənarda yerləşən “Außenbereich” kateqoriyasına daxildir. Əvvəllər mövcud olan istifadənin qorunmasına imkan verən hüquqi status isə uzun müddət istifadəsiz qalındığı üçün qüvvədən düşüb.
Bu səbəbdən yeni sahib kompleksdən əvvəlki kimi yaşayış məkanı kimi istifadə etmək üçün yeni tikinti və ya digər müvafiq şəhərsalma icazəsi almalıdır.
Əmlakın sahibi Frans Eberich bildirib ki, əvvəlcə ərazidə genişmiqyaslı təmir və yeni tikinti aparmaq planlaşdırılıb. Lakin şəhərsalma vəziyyətinin yenidən yoxlanılması zamanı əvvəlki qeydiyyatların torpağın hüquqi statusunu dəyişmədiyi məlum olub.
Satıcılar hesab edirlər ki, kompleksin mövcud strukturu onu fərqli layihəyə çevirmək üçün geniş imkanlar yaradır.
Mümkün variantlar arasında sağlamlıq və terapiya mərkəzi, yoqa və meditasiya kompleksi, sauna və velnes mərkəzi göstərilir. Bəzi binaların qonaq evləri və gecələmə məkanları kimi istifadə edilməsi də təklif olunur.
Beləliklə, ərazi çoxgünlük sağlamlıq proqramları, kurslar və seminarlar üçün kompleksə çevrilə bilər.
Satıcılar bu təklifi daşınmaz əmlak bazarında olduqca nadir fürsət kimi qiymətləndirirlər.
Müqayisə üçün, bu ilin əvvəlində İrlandiyanın Kildare qraflığında yerləşən özəl Lions kəndi də satışa çıxarılmışdı. Lakin onun qiyməti 20 milyon avro təşkil edirdi. Ərazidə ümumilikdə 47 yataq otağı olan kotteclər yerləşirdi.
Samir


