Alyaskadakı adada inəklər tək buraxıldı: Nəsillər sonra DNT-si alimləri çaşdırdı

DÜNYA
21:35 / 13.08.2026
47

Alyaskanın qərbində, Alyaska körfəzində yerləşən Çirikof adasında bir neçə nəsil ərzində demək olar ki, tam təcrid olunmuş vəziyyətdə bir inək sürüsü yaşayıb. Alimlər populyasiyanı təhlil etdikdə onun genomunun əhəmiyyətli dərəcədə dəyişdiyini müəyyən ediblər.

HİT.az xəbər verir ki, “Times of India”nın yazdığına görə, tədqiqatçılar sürünün sadəcə tərk edilmiş Amerika cinsindən ibarət olmadığını müəyyən ediblər. Onların genomunda Sibirə məxsus yakut və Britaniya cinslərinin xarakterik qarışığı aşkarlanıb. Genetik məlumatlar həmçinin Çirikof adasındakı həyat şəraitinin populyasiyaya əlavə təsir göstərdiyini göstərib.

Çirikof adası ən yaxın materikdən təxminən 61 kilometr məsafədə yerləşir. Dərin su limanının olmaması mal-qaranın adaya gətirilməsini və oradan aparılmasını çətinləşdirib.

Tədqiqatçıların fikrincə, adaya ilk olaraq Sibirdən yakut inəkləri gətirilib, daha sonra isə Avropa mənşəli mal-qara buraya aparılıb. 1927-ci il siyahıyaalınmasına əsasən, adada təxminən 400 baş ətlik mal-qara olub. XX əsr ərzində adaya, o cümlədən hereford cinsinə aid əlavə mal-qara partiyaları gətirilib.

Nəticədə burada ənənəvi vahid cins deyil, qeyri-adi təcrid şəraitində inkişaf edən genetik cəhətdən qarışıq populyasiya formalaşıb.

Adadakı sürünün başına nə gəldiyini dəqiq müəyyənləşdirmək üçün alimlər Çirikof adasından 10 baş iribuynuzlu mal-qaranın DNT-sini analiz edib və onların genetik profillərini dünyanın müxtəlif yerlərindəki heyvanlarla müqayisə ediblər.

Nəticələr diqqətçəkən qanunauyğunluq ortaya qoyub.

Təhlilə əsasən, heyvanların genetik mənşəyinin təxminən 49–59 faizi hereford, 33–40 faizi isə yakut cinsi ilə əlaqəlidir. Qalan hissə isə digər iribuynuzlu mal-qara populyasiyalarından qaynaqlanır.

Ən təəccüblü nəticə isə Çirikof adasında həyat şəraitinin sürünün genetik tərkibinə təsir göstərə bilməsi olub.

Heyvanlar uzun illər ərzində insan nəzarəti olmadan təcrid olunmuş və nisbətən sərt mühitdə yaşayıblar. Beləliklə, təbii seçmə bu şəraitdə sağ qalmağa və çoxalmağa kömək edən genetik variantlara malik fərdlərin üstünlük qazanmasına səbəb olub.

Bu genlər immun müdafiə, embrion inkişafı və xərçəng kimi funksiyalarla əlaqələndirilib.

Alimlər həmçinin heyvanlarda adanın sərt şəraitinə uyğunlaşma ilə əlaqəli genetik variantların ola biləcəyini ehtimal ediblər. Bu isə sürünü potensial olaraq qiymətli genetik müxtəliflik mənbəyinə çevirir.

Samir
 

0