Almaniyada yaşayış xərclərinin yüksək olması insanları gündəlik büdcəyə daha diqqətlə yanaşmağa vadar edir. Lakin qənaət etmək mütləq rahatlıqdan imtina etmək demək deyil. Bir çox insan xərcləri əvvəlcədən planlaşdırır, qiymətləri müqayisə edir və yalnız ehtiyac duyduğu şeylərə pul ödəyir.
HİT.az bu barədə "Unian"a istinadən xəbər verir.
Bu yanaşmadan gündəlik həyatda istifadə etmək üçün 10 sadə vərdiş təqdim olunur.
1. Yalnız istifadə olunan otaqları qızdırırlar
Alman evlərində bütün otaqların eyni temperaturda saxlanılması geniş yayılmış yanaşma deyil. Adətən qonaq otağında temperatur 20-22, mətbəxdə 18-20, yataq otağında isə təxminən 18 dərəcə olur. İstifadə edilməyən otaqlarda istilik minimuma endirilir.
2. Evi qısa müddətə, amma yaxşı havalandırırlar
Pəncərəni gün ərzində saatlarla açıq saxlamaq əvəzinə, istilik sistemi söndürülür və pəncərələr 5-10 dəqiqə tam açılır. Bu müddət ərzində otaqdakı hava dəyişir, divarlar və mebellər isə əhəmiyyətli dərəcədə soyumur.
3. İsti havada jalüzlərdən istifadə edirlər
Günəşin ən güclü olduğu saatlarda qalın jalüz və ya panjurların bağlanması evin həddindən artıq isinməsinin qarşısını ala bilər. Qışda isə eyni vasitələr pəncərələrdən istilik itkisini azaltmağa kömək edir.
4. Paltarları quruducu maşında deyil, təbii şəkildə qurudurlar
Quruducu maşın əvəzinə ipdən və ya açılıb-yığılan quruducudan istifadə elektrik enerjisinə qənaət etməyə imkan verir. Bundan başqa, paltarlar isti hava ilə daha az təmasda olduğundan daha az köhnəlir.
5. Yağış suyunu toplayırlar
Həyətyanı sahələrdə xüsusi çənlərdə toplanan yağış suyundan bağın suvarılması və avtomobilin yuyulması üçün istifadə edilir. Beləliklə, həm içməli suya qənaət olunur, həm də bəzi hallarda yağış sularının kanalizasiyaya axıdılması ilə bağlı xərclər azalır.
6. Xarabolan əşyaları dərhal atmırlar
Almaniyada fəaliyyət göstərən Repair Café adlı təşəbbüslərdə könüllülər insanlara məişət cihazlarını, velosipedləri və digər əşyaları təmir etməyə kömək edirlər.
Əşyanı yenisi ilə əvəz etmək əvəzinə təmir etmək həm büdcəyə qənaət edir, həm də tullantıların azalmasına səbəb olur.
7. Boş butulkaları qaytarıb depoziti geri alırlar
Almaniyada bir sıra içki qablarının qiymətinə depozit də əlavə olunur. Boş butulka və ya banka xüsusi avtomata qaytarıldıqda həmin məbləğ geri alınır.
Bu sistem insanları qabları zibilə atmaq əvəzinə geri qaytarmağa təşviq edir.
8. Nadir istifadə olunan alətləri satın almırlar
Drel, daşlama aparatı və digər alətlər ildə cəmi bir neçə dəfə lazım ola bilər. Buna görə də onları almaq əvəzinə alət kitabxanalarından və ya icarə xidmətlərindən istifadə etmək daha sərfəli ola bilər.
9. Tətil üçün yalnız yay aylarını seçmirlər
Bir çox insan səyahət üçün may, sentyabr və oktyabr kimi mövsümlərarası dövrlərə üstünlük verir. Bu zaman otel və aviabilet qiymətləri daha münasib ola bilər, eyni zamanda bir çox turistik istiqamətlərdə hava hələ də əlverişli qalır.
10. İşığı yalnız lazım olduqda yandırırlar
Girişlərdə, zirzəmilərdə və pilləkənlərdə hərəkət sensorlarından istifadə edilməsi işığın yalnız ehtiyac olduqda yanmasına imkan verir. Belə sistemlər elektrik sərfiyyatını azaltmağa kömək edir.
Əsas prinsip nədir?
Bu vərdişlərin ortaq xüsusiyyəti sərt qənaət etmək deyil. Əsas məqsəd yalnız həqiqətən istifadə olunan resurs və xidmətlərə pul ödəməkdir.
Yəni insan özünü soyuqda saxlamaq, qaranlıqda oturmaq və ya rahatlığından tamamilə imtina etmək məcburiyyətində deyil. Düşünülmüş gündəlik seçimlər sayəsində qənaət olunan vəsaiti səyahət, hobbi və digər vacib ehtiyaclara yönəltmək mümkündür.
Samir


