2 min illik qaya rəsmlərinin altında insan qanının izləri aşkarlandı

DÜNYA
19:38 / 18.08.2026
54

Çinin Zuojiang çayı vadisindəki qədim qayaüstü təsvirlərin min illərdir musson yağışlarına davam gətirməsinin sirri araşdırılıb. Alimlərin apardığı kimyəvi analizlər nəticəsində məlum olub ki, rəsmlərin səthə möhkəm yapışmasını təmin edən xüsusi astarın hazırlanmasında insan qanından istifadə edilib.

HİT.az xəbər verir ki, Cənub-Şərqi Asiyanın rütubətli iqlimində yerləşən əhəngdaşı qayalıqlarındakı qırmızı təsvirlər minilliklər keçməsinə baxmayaraq öz rəngini böyük ölçüdə qoruyub. Araşdırmanın nəticələri Journal of Archaeological Science jurnalında dərc edilib.

Tədqiqatçılar müəyyən ediblər ki, qədim sənətkarlar rəsmləri çəkməzdən əvvəl qayanın səthinə ikiqat xüsusi astar çəkiblər. Bu qarışıq heyvan sümükləri, əhəngdaşı, quş ifrazatı və dəniz qabıqlarının yüksək temperaturda işlənməsi ilə hazırlanıb. Daha sonra ona su və qan əlavə edilib.

Astarın üzərinə isə dəmirlə zəngin yerli gildən hazırlanmış qırmızı piqment çəkilib. Alimlərin fikrincə, qandakı zülallar əhəngdaşının tərkibindəki kalsium karbonatla reaksiyaya girərək bioloji mineral əmələ gətirib. Bu proses boyanın qaya səthinə daha möhkəm bağlanmasına imkan verib.

Araşdırmanın ən diqqətçəkən nəticələrindən biri istifadə edilən qanın mənşəyi ilə bağlı olub.

Nümunələrin 61-99 faizində insan qanına aid izlər müəyyən edilib. Qalan hissədə isə mal-qara və digər ot yeyən heyvanların qanına dair əlamətlər aşkarlanıb.

İnsan qanındakı zülalları daha ətraflı araşdıran mütəxəssislər hamiləlik və südvermə dövrünə xas komponentlər də müəyyən ediblər.

Tədqiqatçılar bu nəticələri bölgədə təxminən e.ə. 600-100-cü illərdə mövcud olmuş Luoyue mədəniyyəti ilə əlaqələndirirlər.

Qayaüstü təsvirlərdə cinsi orqanlar, hamilə qadınlar və nəsilartırma ilə bağlı motivlərin üstünlük təşkil etməsi alimlərdə rəsmlərin məhsuldarlıq və doğuş mərasimləri ilə əlaqəli ola biləcəyi qənaətini yaradıb.

Araşdırmaya əsasən, insan qanının, xüsusilə də doğuşla əlaqəli qan nümunələrinin xüsusi ritual məqsədlə toplanaraq qaya səthinə çəkilmiş olması ehtimal edilir.

Beləliklə, minilliklər boyu təbii şəraitə davam gətirən bu rəsmlərin sirrinin yalnız istifadə olunan boyada deyil, qaya səthinin əvvəlcədən qan tərkibli xüsusi qarışıqla işlənməsində olduğu düşünülür.

Samir

0