Avstraliyanın Viktoriya ştatında 1980-ci illərin sonunda başlayan və sonradan unudulan böyük meşəçilik layihəsi illər sonra yenidən araşdırılıb. Təxminən 26 milyon dollar büdcə ilə həyata keçirilən təcrübənin nəticələri meşələrin idarə olunması ilə bağlı maraqlı faktlar ortaya çıxarıb.
HİT.az xəbər verir ki, layihə çərçivəsində ənənəvi üsulla ağacların demək olar ki, hamısının eyni vaxtda kəsilməsi ilə yanaşı, daha kiçik sahələrdə kəsmə və ağacların 50-70 faizinin götürüldüyü intensiv seyrəltmə üsulları sınaqdan keçirilib. Daha sonra ərazilərdə baş verən dəyişikliklər toxunulmamış meşələrlə müqayisə edilib.
Təcrübə sahələri zamanla baxımsız qalıb, əraziyə gedən yollar belə bitkilərlə örtülüb. Lakin tədqiqatçılar illər sonra bölgəyə qayıtdıqda maraqlı mənzərə ilə qarşılaşıblar.
Məlum olub ki, ağacların böyük hissəsinin kəsilərək qalan ağaclara daha çox yer verildiyi sahələrdə onların böyüməsi əhəmiyyətli dərəcədə sürətlənib. Təxminən 80 yaşlı bəzi ağacların gövdə diametri bir metrdən çox olub, bəzilərində isə 1,5 metrə çatıb.
Ən diqqətçəkən nəticələrdən biri isə karbonun toplanması ilə bağlı olub. İntensiv seyrəltmə aparılan meşə cəmi 30 il ərzində kəsilmə zamanı itirilmiş karbon ehtiyatını tam bərpa edib. Üstəlik, bu ərazi toxunulmamış nəzarət sahələri ilə müqayisə edilə biləcək qədər əlavə karbon da toplayıb.
Təcrübənin başqa bir maraqlı nəticəsi biomüxtəlifliklə bağlı olub. Ərazidə qurulan kamera tələləri nəsli təhlükə altında olan Leadbeater kisəli dələsinin məhz intensiv seyrəltmə aparılmış sahələrdə məskunlaşdığını göstərib.
Tədqiqatçılar bununla belə, nəticənin bütün canlı növlərinə şamil edilə bilməyəcəyini vurğulayırlar. Onların fikrincə, müxtəlif meşə idarəetmə üsullarının hər birinin öz üstünlükləri və ekosistem daxilində fərqli rolu var.
Uzun illər unudulmuş bu təcrübə göstərir ki, meşələrin idarə olunmasında yalnız tammiqyaslı ağac kəsimi ilə toxunulmaz meşə arasında seçim etmək lazım deyil. Daha məqsədli seyrəltmə üsulları ağacların böyüməsini sürətləndirə, karbon ehtiyatlarını bərpa edə və bəzi nadir növlər üçün yeni yaşayış mühiti yarada bilər.
Samir


