Finikiyalıları və romalıları görmüş zeytun ağacı var: Niyə hələ də meyvə verir?

DÜNYA
23:51 / 20.08.2026
49

Portuqaliyada yaşı 2000 ildən çox olan yüzlərlə ağac, əsasən də zeytun ağacı var. Onlardan biri Abrantes bələdiyyəsində yerləşən “Olivyeyra-du-Muşau” ağacıdır. Bu ağac ölkənin ən qədim zeytun ağacı hesab oluna bilər. 2018-ci ildə onun yaşının 3350 il olduğu müəyyən edilib. 

HİT.az xəbər verir ki, bu barədə “Adevarul.ro” yazıb.

“Bu zeytun ağacı finikiyalıların, keltiberlərin və romalıların müasiridir. UTAD-ın məlumatına görə, 2022-ci ilin əvvəlində zamanın dağıdıcı təsiri nəticəsində gövdəsi ciddi zədələnsə də, ağac hələ də gəncliyinin çiçəklənmə dövründə olduğu kimi meyvə verirdi”, – materialda qeyd olunub.

Ağac minilliklər ərzində “fatehlərin, barbarların və köçkünlərin” yürüşlərindən torpağa dərindən kök salmış güclü kök sistemi sayəsində sağ çıxıb. O, həmçinin 2022-ci ildə “Avropada ilin ağacı” adına namizədlərdən biri olub. Milli müsabiqədə beşinci yeri tutduğu üçün Portuqaliyanı beynəlxalq mərhələdə təmsil edə bilməyib.

Ağacın yaşı UTAD-dan olan tədqiqatçılar qrupu tərəfindən hazırlanmış metodla müəyyən edilib. Artıq patentləşdirilmiş bu metod “Oliveiras Milenares” şirkəti ilə əməkdaşlıq çərçivəsində tətbiq olunur və həm Portuqaliyada, həm də digər ölkələrdə çoxsaylı ağacların yaşını müəyyənləşdirməyə imkan verib.

Bununla yanaşı, 2007-ci ildən UTAD ilə bu sertifikatlaşdırma layihəsində əməkdaşlıq edən “Oliveiras Milenares” şirkətinin saytında daha qədim zeytun ağacının da aşkarlandığı bildirilir. Ağac Alentejuda, Beja dairəsinin Vidigeyra şəhərində yerləşən Herdade do Peso mülkündədir. 2021-ci ildə aparılan qiymətləndirməyə əsasən, onun yaşı 3700 ildən çoxdur.

“Olivyeyra-du-Peso” adlandırılan bu ağac 2024-cü ildə “Portuqaliyanın ilin ağacı” adına da namizəd olub və milli müsabiqədə üçüncü yeri tutub. Qalib ağac Avropada keçirilən analoji müsabiqədə Portuqaliyanı təmsil edib. Namizədliyin əsaslandırılmasında Herdade do Peso mülkündə yerləşən “ən qədim minillik zeytun ağacının mədəni-tarixi dəyəri” vurğulanıb. Həmin ərazidə ümumi yaşı 7000 ildən çox olan zeytun ağacları qrupu da yerləşir.

Tədqiqatçı Xose Luis Luzada zeytun ağacının güclü regenerasiya qabiliyyəti sayəsində zamanın təsirinə ən yaxşı müqavimət göstərən canlı orqanizmlərdən biri olduğunu bildirib.

“Buna görə də gövdənin nə qədər qədim olmasından asılı olmayaraq, onun bir hissəsi yenidən pöhrələr verə bilər. Bu isə ağacın zeytun məhsulu verməyə davam etməsinə imkan yaradır”, – alim deyib.

Samir
 

0