ABŞ dörd fərqli yadplanetli növünün cəsədlərini saxlayır - ŞOK İDDİA

DÜNYA
18:20 / 20.08.2026
50

ABŞ hökumətinin illərdir apardığı naməlum uçan obyektlərlə bağlı araşdırmalarda uzun müddət iştirak etmiş astrofizik doktor Erik Devis sensasion açıqlamalarla gündəmə gəlib. O, iştirak etdiyi proqramlardan birində hərbi sənədləri və xüsusi fotoları araşdırdığını bildirərək, qəzaya uğramış uçuş aparatlarından çıxarılan müxtəlif növlərə aid cəsədlərin hökumət tərəfindən gizli saxlanıldığını iddia edib.

HİT.az xəbər verir ki, yüksək səviyyəli təhlükəsizlik icazəsi sayəsində bu sənədlərə çıxış əldə etdiyini bildirən mütəxəssis, qalıqların Barak Obama administrasiyası dövründə başqa obyektlərə köçürüldüyünü deyib.

Devis araşdırdığı sənədlərdə müəyyən etdiyi canlı növlərini dörd qrupa ayırıb. Bunlar ictimaiyyətin filmlərdən tanıdığı iri başlı “Bozlar”, insana bənzəyən, uzunboylu və sarısaçlı “Skandinavlar”, peyğəmbərdeyənəyə bənzəyən “Həşəratabənzərlər” və kərtənkələ görünüşlü “Sürünənabənzərlər”dir.

Alim bildirib ki, sənədlərin 50-75 il müddətinə məxfi saxlanılması səbəbindən məlumatları rəsmi şəkildə açıqlamaq mümkün deyil. Onun sözlərinə görə, dosyelərdə canlı varlıqlara dair heç bir iz yoxdur və bütün məlumatlar yalnız ölü cəsədlərlə bağlıdır.

Dövlət sirlərini yaymaq ittihamı ilə üzləşmək istəməyən mütəxəssis ABŞ Prezidenti Donald Trampdan hüquqi müdafiə tələb edir. Arxivlərdəki məlumatları ictimaiyyətə sərbəst şəkildə açıqlaya bilmək üçün məxfilik müqaviləsinin ləğvini gözləyən Devisi keçmiş Mərkəzi Kəşfiyyat İdarəsi əməkdaşları və kəşfiyyatçılar da dəstəkləyir.

1947-ci ildə baş verdiyi iddia edilən məşhur Rozvell hadisəsinə aid qalıqların hərbi bazalara aparılması barədə iddialar isə hələ də gündəmdədir. Bununla belə, Pentaqon və Ağ Ev ABŞ hökumətinin əlində Yer kürəsindən kənar həyatın mövcudluğunu təsdiqləyən heç bir konkret sübutun olmadığını bildirir.

Samir
 

0