Alimlər bitkilərdən 95 faizdən çox işıq əks etdirən güzgülər hazırladı

DÜNYA
17:11 / 05.11.2026
38

Yaponiyanın Osaka Universitetinin alimləri bitki mənşəli maddələrdən metal güzgülərlə müqayisə edilə biləcək dərəcədə işıq əks etdirən yeni material hazırlayıblar. Ən diqqətçəkən xüsusiyyəti isə bu güzgülərin istifadə edildikdən sonra torpaqda bir neçə həftə ərzində parçalanmasıdır.

HİT.az xəbər verir ki, bu barədə “Advanced Materials” elmi jurnalında dərc olunan araşdırmada məlumat verilib.

Yeni materialın hazırlanmasında bitkilərdən əldə edilən pektin və sellülozadan istifadə olunub. Tədqiqatçılar bu maddələri növbəli şəkildə 100 nazik təbəqə halında birləşdiriblər. Təbəqələrin bir qismi sıx, digərləri isə məsaməli quruluşda hazırlanıb. Məhz bu fərq materialın yüksək işıqəks etdirmə qabiliyyətini təmin edib.

Araşdırmanın aparıcı müəllifi Takaaki Kasuqa bildirib ki, texnologiyanın əsasında xüsusi üsulla qurudulan və məsaməli quruluşunu qoruyan kserogellər dayanır. Hazırlanan örtük görünən işıqla yanaşı, insan gözünün görə bilmədiyi spektrdə də üzərinə düşən işığın 95 faizindən çoxunu əks etdirə bilir.

Alimlər yeni materialın optik sensorlarda, dekorativ ekranlarda və saxtakarlığa qarşı qoruyucu texnologiyalarda tətbiq oluna biləcəyini düşünürlər. Onun pəncərə örtüklərində istifadəsi də perspektivli hesab olunur. Belə örtüklər görünən işığı içəri buraxmaqla yanaşı, yaxın infraqırmızı şüaları əks etdirə bilər. Bu isə yay aylarında binaların daha sərin qalmasına və kondisioner xərclərinin azalmasına kömək edə bilər.

Materialın digər üstünlüyü ekoloji cəhətdən təhlükəsiz olmasıdır. Tədqiqatçıların məlumatına görə, kimyəvi tərkibin uyğunlaşdırılması nəticəsində örtüyün 80 faizə qədəri iki ay ərzində parçalanır və bu göstərici bioloji parçalanma standartlarına uyğundur.

Müəlliflər hesab edirlər ki, yeni texnologiya gələcəkdə sintetik materiallardan hazırlanan örtüklərin, etiketlərin və bəzi tikinti məhsullarının əvəzinə istifadə oluna bilər. Onlar həmçinin materialın rəngini, naxışını və optik xüsusiyyətlərini dəyişdirməyin mümkün olduğunu vurğulayırlar.

Samir
 

0