İnsanların yaxınlarını itirdikdə göstərdiyi reaksiyalar heyvanlar aləmində də müəyyən formada müşahidə olunur. Alimlər bəzi heyvanların ölü qohumlarının yanında uzun müddət qalması, onlara toxunması və hətta cəsədləri daşıması kimi davranışlar nümayiş etdirdiyini bildirirlər.
HİT.az xəbər verir ki, tədqiqatçılar bu davranışları insanlardakı yas və dəfn mərasimləri ilə birbaşa eyniləşdirməyə ehtiyatla yanaşırlar. Mütəxəssislərin fikrincə, heyvanların belə reaksiyalarının arxasında təhlükəni müəyyənləşdirmək, ölümlə bağlı məlumat toplamaq və gələcək risklərdən yayınmaq kimi praktik səbəblər də dayana bilər.
Fillər
Fillər ölümə qarşı ən diqqətçəkən reaksiyalar nümayiş etdirən heyvanlardan hesab olunur. Sürü üzvləri ölmüş filin ətrafına toplaşa, xortumları ilə onun bədəninə toxuna və uzun müddət həmin ərazidə qala bilərlər.
Tədqiqatçılar fillərin hətta uzun müddət əvvəl ölmüş fərdlərin qalıqlarına geri qayıtdığını da müşahidə ediblər.
Şimpanzelər
Şimpanzelər də ölmüş qohumlarının cəsədlərinin yanında saatlarla, hətta günlərlə qala bilirlər. Onların cəsədə toxunduğu, tüklərini təmizlədiyi və ərazidən uzaqlaşmadığı müşahidə olunub.
Xüsusilə balasını itirən şimpanze analarının cəsədi uzun müddət daşıması alimlərin diqqətini çəkir.
Qorillalar
Qorillalar ölmüş qrup üzvlərinin cəsədlərini diqqətlə müşahidə edə və onların yanında uzun müddət qala bilirlər. Heyvanların cəsədə ehtiyatla toxunduğu da qeydə alınıb.
Bu davranış daha çox bir-biri ilə sıx əlaqədə olan ailə qruplarında müşahidə edilir.
Delfinlər
Bəzi delfin növləri qrup üzvlərindən biri öldükdən sonra onun cəsədini suyun səthində saxlamağa çalışır. Ayrı-ayrı hallarda qrupun ölmüş fərdin ətrafında bir neçə saat qaldığı müşahidə olunub.
Bu davranışa afalinalar, qlobosefalilər və delfinkimilər fəsiləsinin digər nümayəndələrində də rast gəlinir.
Qarğalar və sağsağanlar
Qarğaların ölmüş qohumlarının ətrafına toplaşaraq yüksək səslə səs çıxarması elm adamlarının xüsusi marağına səbəb olub. Bu səbəbdən belə görüntülər bəzən “qarğa dəfni” adlandırılır.
Lakin araşdırmalar bu davranışın mütləq yas hissi ilə bağlı olduğunu göstərmir. Qarğaların ölü fərdin ətrafında toplaşması onlara potensial təhlükəni müəyyənləşdirməyə və hadisənin baş verdiyi ərazini yadda saxlamağa kömək edə bilər.
Sağsağanların da ölmüş quşların ətrafına toplandığı müşahidə edilib. Bəzi hallarda cəsədin yanında ot və budaqların olduğu qeydə alınsa da, alimlər bunu simvolik dəfn mərasimi kimi qiymətləndirmək üçün kifayət qədər sübutun olmadığını bildirirlər.
Beləliklə, heyvanların yaxınlarının ölümündən sonra mürəkkəb davranışlar nümayiş etdirdiyi məlumdur. Lakin onların bu davranışları insanlardakı yas hissinə nə dərəcədə bənzəyir, yoxsa əsasən sosial və praktiki səbəblərlə izah olunur – bu sual hələ də elmi araşdırmaların mövzusudur.
Samir


