Almaniya hərbi aviasiyada istifadə olunacaq lazer silahının hazırlanmasına start verib. Yeni texnologiya vasitəsilə pilotsuz uçuş aparatlarının və qanadlı raketlərin məhv edilməsi, bununla da bahalı aviasiya raketlərinə qənaət olunması hədəflənir.
HİT.az xəbər verir ki, bu barədə “Defense Express” nəşri məlumat yayıb.
Məlumata görə, Almaniya lazer silahının nümayiş modelinin hazırlanmasını MBDA Deutschland şirkətinə həvalə edib. Layihə çərçivəsində sistemin əsas texnoloji komponentləri hazırlanacaq. Qurğunun təyyarənin xarici asqısında daşınan xüsusi konteynerdə yerləşdirilməsi nəzərdə tutulur. Komponentlər gələcək uçuş sınaqlarının tələbləri nəzərə alınmaqla layihələndiriləcək.
Layihənin əsas məqsədi lazer silahının təyyarələrdə istifadəsinin texniki baxımdan mümkünlüyünü yoxlamaqdır. MBDA nümayəndələri bunun mürəkkəb proses olduğunu bildirirlər. Çünki sistem həm çəki və ölçü məhdudiyyətlərinə cavab verməli, həm də uçuş zamanı yaranan yüksək yüklənmələrə davam gətirməlidir.
“Defense Express”in təhlilinə görə, hazırda qırıcı təyyarələrdən dronların vurulması üçün əsasən raketlərdən və aviasiya toplarının mərmilərindən istifadə olunur. Lakin Ukraynadakı müharibənin təcrübəsi göstərir ki, intensiv hücumlar zamanı bu sursatların ehtiyatı azala bilər. Üstəlik, AIM-120 və AIM-9 kimi raketlərin qiyməti kifayət qədər yüksəkdir.
Lazer silahlarının əsas üstünlüyü isə hər atış üçün ənənəvi sursat tələb etməməsi və zərbənin maya dəyərinin nisbətən aşağı olmasıdır. Buna görə də bu texnologiya dronlara qarşı daha ucuz müdafiə vasitələrindən biri kimi nəzərdən keçirilir.
Bununla belə, yeni sistemin ciddi texniki məhdudiyyətləri də var. Lazer şüasının effektivliyi hava və atmosfer şəraitindən asılıdır. Digər mühüm problem isə yüksək güclü lazerin işləməsi üçün tələb olunan enerji mənbəyidir. Bu qurğunun təyyarədə yerləşdirilməsi onun məhdud yükdaşıma imkanları səbəbindən çətinlik yarada bilər.
Qeyd edək ki, lazer silahları sahəsində oxşar layihələr digər ölkələrdə də həyata keçirilir. Belə ki, 2025-ci ildə İsrailin “Elbit” şirkətinin “Iron Beam” lazer sisteminin aviasiya versiyası üzərində işlədiyi barədə məlumat yayılmışdı.
Analitiklər vurğulayırlar ki, təyyarələrdə istifadə olunan mövcud lazer müdafiə sistemləri ilə yeni silahları fərqləndirmək lazımdır. Mövcud qurğular əsasən düşmən raketlərinin tuşlama sistemlərini sıradan çıxarmaq üçün nəzərdə tutulduğu halda, yeni texnologiyanın məqsədi lazer şüası ilə hava hədəflərini birbaşa məhv etməkdir.
Samir


