Alimlər inəklərin həzm sistemində metan qazının yaranmasını azaltmağa və yem ehtiyatlarından daha səmərəli istifadə etməyə imkan verəcək yeni üsul üzərində çalışırlar. Tədqiqat nəticəsində gələcəkdə bu məqsədlə xüsusi yem əlavələrinin hazırlanmasına şərait yarada biləcək molekulyar hədəflər müəyyən edilib.
HİT.az xəbər verir ki, bu barədə Braziliya Kənd Təsərrüfatı Tədqiqatları Korporasiyasının Lusiana Recitano rəhbərlik etdiyi elmi qrup məlumat yayıb. Araşdırmanın nəticələri “FAPESP Week Netherlands” konfransında təqdim olunub.
Məlumdur ki, heyvandarlıq istixana qazlarının əsas mənbələrindən biridir. Gövşəyən heyvanlarda metan qazı adi həzm prosesi zamanı yaranır. Mədənin ən böyük hissəsi olan işkənbədə mikroorqanizmlər bitki liflərini parçalayarkən bu qazı ifraz edirlər. Nəticədə atmosferə buraxılan metan qlobal istiləşməni sürətləndirir. Bununla yanaşı, heyvanlar yem vasitəsilə əldə etdikləri enerjinin 2-12 faizini metan şəklində itirirlər.
Tədqiqatçılar Braziliyada geniş yayılmış Nelore cinsindən olan inəklərin həzm sistemindəki mikroorqanizmləri araşdırıblar. Bunun üçün heyvanların toxumalarında və işkənbə möhtəviyyatında DNT, RNT və zülalların fəaliyyəti təhlil edilib. Nəticədə metan istehsalına və qidanın mənimsənilməsinə təsir göstərən fermentlər müəyyənləşdirilib.
Alimlərin fikrincə, məhz bu fermentlər gələcək yem əlavələrinin əsas hədəfi ola bilər. Belə əlavələr metan yaranmasını azaltmaqla yanaşı, heyvanların qidadan daha çox enerji əldə etməsinə kömək edə bilər.
Lakin tədqiqatçılar metan istehsalını tamamilə dayandırmağın düzgün yanaşma olmadığını vurğulayırlar. Çünki bu proses zamanı yaranan hidrogenin aradan qaldırılması həzm sistemində turşuluğun artmasının qarşısını alır. Onların təklif etdiyi üsul hidrogenin metan əvəzinə, heyvan üçün faydalı olan propionat kimi enerji mənbələrinin istehsalına yönəldilməsini nəzərdə tutur.
Araşdırmanın digər maraqlı nəticəsi isə Nelore cinsinin mikroorqanizmlərinin təxminən 48 faizinin elm üçün yeni ola bilməsidir. Bu mikroorqanizmlərin əksəriyyəti indiyədək laboratoriya şəraitində yetişdirilməyib. Alimlər onların funksiyalarını müəyyənləşdirmək üçün bioinformatika və süni intellekt imkanlarından da istifadə etməyi planlaşdırırlar.
Tədqiqatın gələcək mərhələlərində digər mal-qara cinslərinin də araşdırılması nəzərdə tutulur. Bu istiqamətdə İrlandiya və Avstraliyadakı mütəxəssislərlə əməkdaşlıq imkanları da nəzərdən keçirilir.
Samir


