Lerikdə hər il şübhəli abadlıq işləri - Adı rüşvət qalmaqalında hallanan şirkətlə müqavilə

İQTİSADİYYAT
12:27 / 05.09.2022
1039

Lerik Rayon İcra Hakimiyyəti başçısının Lerik Şəhər Ərazi Nümayəndəliyi şəhərdə abadlıq işlərinin satın alınması ilə bağlı müsabiqəyə yekun vurub. 

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Şabran D” MMC olub. Qurumla şirkət arasında maliyyə dəyəri 301 856.28 AZN təşkil edən satınalma müqaviləsi imzalanıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında "Şabran D” MMC-nin 12 dekabr 2007-ci ildə qeydiyyata alındığı göstərilir. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, akademik Həsən Əliyev küçəsi, ev 92a, mənzil 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Bədəlov Cəlal Bayram oğludur.

Bir neçə il əvvəl Cəlal Bədəlov rüşvət qalmaqalı ilə gündəmə gəlmişdi. O, mediaya açıqlamasında, eyni zamanda hüquq-mühafizə orqanlarına müraciətində bildirmişdi ki, Şabran rayonunda aparılan quruculuq işlərinin və yeni layihələrin tenderində iştiraka razılıq almaq məqsədi ilə Şabran Rayon İcra Hakimiyyəti başçısının keçmiş 1-ci müavini Mehdi Balabəyova 227 min manat verib. Buna baxmayaraq, tenderdə uğurlu nəticə əldə etməyib. 

Cəlal Bədəlovun bu açıqlaması tenderlərin şəffaf keçirilmədiyi barədə iddiaların təsdiqi hesab edilə bilər. Şirkət rəhbəri bu fikirləri ilə həm də özünün tenderlərdə iştirakla bağlı qaydaları pozduğunu etiraf edib. 

Lerik şəhərində abadlıq işlərinə gəlincə, araşdırmalarımız zamanı bəlli olub ki, hər il yerli İcra Hakimiyyəti abadlıq işlərinə 300 min manatdan artıq vəsait xərcləyir. 

Məsələn, ötən il Lerik Rayon İcra Hakimiyyəti başçısının Lerik Şəhər Ərazi Nümayəndəliyi ilə "Makro 2000 Eğitim Teknolojileri İnaşşat Taahhüt İş ve Dış Ticaret Anonim Şirketi”nin Azərbaycandakı ilə filialı ilə maliyyə dəyəri 385 644.76 AZN təşkil edən satınalma müqaviləsi imzalayıb. 
2020-ci ildə abadlıq işlərinin satın alınması ilə bağlı "Elnur-2” Universal İstehsalat Kommersiya şirkəti ilə maliyyə dəyəri 382 984.4 AZN təşkil edən satınalma müqaviləsi bağlanıb. 

Beləliklə, son iki ildə Lerikdə abadlıq işlərinə 1 070 485.44 AZN pul xərclənib. Rayon sakinləri isə deyir ki, abadlıq işləri daha çox kosmetik xarakterlidir. "Yollar pis vəziyyətdədir, elə kəndlər var ki, ora qışda maşınla getmək olmur. Abadlıq işləri adətən Lerikin özündə aparılır. O da kosmetik xarakterlidir”, deyə sakinlər bildirib.

0