Son zamanlarda Azərbaycanda su qıtlığının ola biləcəyi ilə bağlı proqnozlar səsləndirilir.
Bəzi ekspertlər su ehtiyatlarımızın azaldığını, bəziləri isə su qıtlığının gələcəkdə bizim üçün çox ciddi problem yaradacağını deyirlər.
Ümumiyyətlə, hazırda Azərbaycanda su qıtlığı təhlükəsi var?
“Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli HİT.az-a açıqlamasında bildirib ki, son illərdə qlobal istiləşmə dünyada ciddi problemə çevrilib:
"Yəni beynəlxalq təşkilatlar, Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropa İttifaqı (Aİ) və böyük dövlətlər qlobal istiləşməni ləngitmək üçün müxtəlif layihələr həyata keçirirlər. Lakin təəssüf ki, hələ də bir nəticəsi yoxdur. Qlobal istiləşmənin əsas təzahürlərindən biri də quraqlıqdır. Azərbaycan da quru, subtropik zonada yerləşdiyinə görə havalar adətən günəşli keçir. Buna görə də yerin təkində su ehtiyatlarının tükənmə ehtimalları var. Su ehtiyatları isə yağışlardan yaranmır, onu yaradan qardır".
Həmsöhbətimiz qeyd edib ki, Azərbaycan hələ də su qıtlığı çəkməyən ölkələr siyahısındadır: "Hazırda su qıtlığı yaşamırıq. Sudan düzgün istifadə etsək və suyu qənaətlə işlətsək heç vaxt belə bir qıtlıqla üzləşmərik. Buna mütləq diqqət etməliyik.
Bizim əsas problemimiz transsərhəd çayları hesabına su ehtiyatlarımızın yaranmasıdır. Yəni Gürcüstan, İran, Türkiyədən gələn çaylar, eləcə də Ermənistandan axan sular Azərbaycanda su ehtiyatları yaradır. Lakin ölkəmizdə həm Mingəçevirdə və Şəmkirdə, həm də Bakını su ilə təmin edən Ceyranbatan su anbarı olduğunu nəzərə almaq lazımdır. Eyni zamanda, rayonlarda da göllərimiz var. İnşallah su qıtlığı yaşamarıq".
Qorxmaz İbrahimli suya qənaətlə bağlı tövsiyələr də verib :
"Küçələri hər gün yumaq lazım deyil. Yaşıllıq qazonlarını selləmə üsulu ilə suvarmaq olmaz. Meyvə bağlarını damcı üsulu ilə sulamaq lazımdır. Beləliklə, müəyyən qənaət yaratmaq olar. Həmçinin, məişətdə də suyun istifadəsinə diqqət etməliyik. Eyni zamanda, tullantı sularının təmizlənməsi, texniki sulardan istifadə su qıtlığını aradan qaldıran hallardır. Hələ ki, yerin təkində şirin su ehtiyatlarımız var. Onu qənaətlə qorumalıyıq".
Pərviz