Kafe və restoranlardakı qiymətlər nə üçün bahadır? - Ekspert danışdı

İQTİSADİYYAT
11:38 / 01.07.2024
419

Son zamanlarda paytaxtda kafe və restoranlarda qiymət artımı müşahidə olunur.

Belə ki, sözügedən iaşə obyektlərinin əksəriyyətindəki menyularda qiymətlərə dəyişiklik edildiyi açıq şəkildə görünür. Müxtəlif yeməklər və içkilər artıq müştərilərə əvvəlkindən baha qiymətə təklif olunur. 

Maraqlıdır, kafe və restoranlarda qiymət artımı nə ilə bağlıdır? 

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, kafe və restoranlarda qiymət artımı normaldır:

"Kafe və restoranların xərcinin artması qiymətlərin bahalaşmasına səbəb olur. Həmin iaşə obyektlərinin sahibləri də qiymət artımına rəğmən müştərilərin gəlməyə davam etdiyini gördükdə düzgün qərar verdiklərini düşünürlər. Əslində qiymətlər bahalaşmasına rəğmən, müştərilər kafe və restoranlara gedirlərsə, deməli, hər şey normaldır".

353149

Ekspert onu da qeyd edib ki, son zamanlarda kafe və restoranlara tələbat artıb:

"Ümumiyyətlə, tələbat artanda qiymət bahalaşır, təklif artanda qiymət ucuzlaşır. Təklifin artması daha çox kafe və ya restoranın açılması, təlabatın artması isə daha çox müştərinin gəlməsidir. Üstəlik, daha çox müştərinin gəlməsi onların imkanının artdığı deməkdir. Yəni təlabatın artması fonunda qiymət artımı tam normaldır və bazar qaydalarına uyğundur". 

Mütəxəssis onu da diqqətə çatdırıb ki, kafe və restoranlar qiymətləri özləri müəyyən edirlər:

"Kafe və restoranlardakı məhsullar zəruri və ya strateji deyil. Ona görə də orada təyin olunan qiymətlərə hökumətin müdaxiləsi yoxdur. Bu qiymətləri bazar özü tənzimləyir.

Hesab edirəm ki, kafe və restoranlara tələbat artdığı üçün menyulardakı qiymətlər yüksəlir. Təklif isə stabil olduğu üçün qiymətlərin artması normal hesab olunur. Sözügedən qiymətlərin ucuzlaşması üçün kafe və restoranlara tələbatın azalması lazımdır".

Pərviz

0