Azərbaycan dilindən əlavə rus, ingilis, türk, alman və çin dillərində də sərbəst danışır. Hər yerdə ölkəmizi tanıdır, "mən azərbaycanlıyam” deyir. Hazırda "Puma”nın maliyyə departamentində maliyyə meneceri kimi fəaliyyət göstərən Niyaməddin Bayramlı Gədəbəyin Ərtəpə kəndində anadan olub.
Uşaq ikən Rusiyanın Moskva şəhərinə köçüblər. Bağçaya və məktəbə orada gedib. Bakalavrı 2018-ci ildə Moskva Dövlət Regional Universitetinin iqtisadiyyat fakültəsində menecment ixtisası üzrə qırmızı diplomla bitirib. Çinin Şanxay şəhərində Şanxay Maliyyə və İqtisadiyyat Universitetində beynəlxalq biznes ixtisasında magistratura təhsilini 84 faizlik müsbət göstərici ilə yekunlaşdırıb. Almaniyada ikinci magistratura təhsilini məhz maliyyə sahəsi üzrə alıb. Magistraturada təhsil almaqla paralel "Puma” şirkətində maliyyə departamentində işçi tələbə kimi işləməyə başlayır. Magistraturanı bitirdikdən sonra elə "Puma” şirkətində ona iş təklif olunub. İki ildən artıqdır orada çalışır.
- Niyaməddin bəy, Rusiyaya köçdükdən sonra Azərbaycanla əlaqələriniz qalırdımı?
- Uşaq olarkən hər yay tətilində doğulduğum kəndə baba evinə gedirdim. Həmin dövrlər mənim üçün çox əzizdir. 14 yaşıma kimi hər il onları ziyarət edirdik. Sadəcə təəssüflənirəm ki, ölkəmizin çox guşələrinə gedə bilməmişəm. Bir az Bakını görmüşəm, bir də Gəncə şəhərində olmuşam. Qalan bütün xatirələrim Ərtəpə kəndi ilə bağlıdır. Amma çox istərdim ki, işğaldan azad edilmiş ərazilərimizə də gedim. Gələcək illərdə qismət olarsa, bu arzumu reallaşdırmağı düşünürəm.
- Uzun illərdir Azərbaycana gəlmirsiniz, lakin dilimizdə əla səviyyədə danışa və yaza bilirsiniz. Bunu kimə və nəyə borclusunuz?
- Atam və anam sayəsində ana dilimizdə bu qədər səlis danışa bilirəm. Onlar çox vətənpərvərdir və bizi də elə böyüdüblər. Hətta atam bizə evdə rus dilində danışmağa qadağa qoymuşdu. Azərbaycanda böyüməsəm də, mənim vətənim Azərbaycandır. Hara getsəm, bunu mütləq vurğulayıram.
- Həm bakalavr, həm də magistratura səviyyələrini yüksək nəticələrlə bitirmisiniz...
- Bakalavr dövründə qiymətlərim yaxşı idi. Amma bəzi fənlərdən qiymətlərim dörd olmuşdu. Mən də dekanımıza məktub yazdım və yenidən üç fəndən imtahan vermək istədiyimi bildirdim. Bunu etməyimin də xüsusi bir səbəbi var idi. Babam həmişə gileylənirdi ki, nəslimizdə universiteti qırmızı diplomla bitirən yoxdur. Mən də babama söz vermişdim ki, "arzunu həyata keçirmək üçün çalışacağam”. İmtahanları yenidən verdim və qırmızı diplom aldım. Magistratura pilləsində Çində oxuduqda fərqli ölkədən olan tələbələrə baxıb onlarla sağlam rəqabətə girirdim. Dərslər də maraqlı olduğundan əlavə həvəs var idi. Həm də bilirdim ki, orada millətimi təmsil edirəm. İstəmirdim kimsə desin ki, "azərbaycanlı oğlan pis oxuyur”. Həm də təqaüd almaq üçün ikiqat səylə çalışırdım. Şanxayda oxuduğum sahə bir az fərqli idi. Çünki biznesi kitabdan öyrənmək çətindir. O səbəbdən orada oxuyarkən hər fəndən müxtəlif məlumatlar öyrənməyə çalışırdım. Qrup işləri görürdük, insanlar arasında sorğular keçirirdik. Əlaqələrimizi inkişaf etdirirdik. Bizə orada maliyyə dərsi keçirdilər, çox xoşuma gəlirdi. Şanxayda müəllimlərlə daha çox əlaqələr yarada bilirdik. Amma Almaniyada hər şey daha formal idi.
- Nə üçün təhsiliniz bitən kimi Çini tərk etdiniz?
- Özümü oraya aid hiss etmirdim. Şanxayda yaşayarkən anladım ki, uzun müddət orada yaşamaq istəməyəcəyəm. İş təklifləri alsam da, imtina etdim. Küçədə, ictimai nəqliyyatda bəzən insanlar mənə maraqla baxırdılar, çünki fərqli görünürdüm. Bir dəfə nisbətən kiçik olan Nançanq şəhərində idim, orada insanlar hətta mənimlə şəkil çəkdirirdilər. Özümü məşhur şəxs kimi hiss edirdim. Belə olduğu üçün də bu, fərqli hiss etdirirdi. Digər bir nüans isə onların yeməkləri ilə bağlı idi. Yeməkləri bizim öyrəşdiyimiz qidalardan fərqləndiyi üçün hər yerdə yeyə bilmirdim. Hər dəfə də yemək üçün mərkəzə, Avropa restoranlarına getmək əlverişli deyildi. O səbəbdən növbəti məkan olaraq Avropanı düşündüm.
- Bəs niyə bu qədər Avropa dövləti içində məhz Almaniya kimi hərtərəfli soyuq ölkəni seçdiniz?
- Almaniyada yaşamağı təhsil baxımından seçmişəm. Çünki orada bir çox universitet var və təhsil haqqı ödəmirsən. Həmçinin verilən təhsil yüksəkdir və bütün ölkələrdə qəbul edilir. Universitetdə öyrəndiklərim işlədiyim sahədə mənə çox kömək olur. Amma yaşamaq üçün sıxıcı ölkədir. Almanların əksəriyyəti sanki robotdur. Onlarla səmimi, həyatdan söhbətlər edə bilməzsən, özünü narahat hiss edirsən. Düzdür, dünyagörüşü inkişaf etmiş, səmimi söhbət edə biləcəyin insanlar da var. Amma əksəriyyət soyuqdur. İnsanları kimi havası da soyuqdur. Qışda hava tez qaralır. Bəzən 2-3 həftə günəş olmur. Hava ilə insanlar arasında bağlılıq hiss olunur. Yay aylarında Almaniya sanki tamam fərqlidir. İnsanlar daha aktiv və pozitivdir. Bəlkə buna görədir ki, digər günəşli ölkələrə səyahət etdikdə orada insanlar daha pozitivdirlər. Burada bu qədər yaşamağıma baxmayaraq cəmi iki alman dostum var. Digər millətlərlə daha yaxşı dostluq etmək olur. Xüsusən də italyanlarla. Sanki dünyagörüşümüz, zarafatlarımız daha uyğundur. Amma Almaniyada yaşam standartları çox yüksəkdir. Aldığın əməkhaqqı ilə daha yaxşı yaşayırsan. Avropanın tam mərkəzində yerləşir. Digər ölkələrə bir neçə saat məsafədəsən. Səyahət etmək də bahalı deyil. Üstəlik, Almaniya sakit ölkədir. Qayda-qanunlara da əməl olunması çox xoşuma gəlir. Hər şeyi hesabladıqda Almaniyadan köçmək istəmərəm. İspaniya çox xoşuma gəlir, orada yaşamaq istərdim. İnsanları səmimidir, məni də onlara bənzədirlər. İtalyanların zarafatları, həyat tərzi də mənə çox yaxındır. Hətta oraya getdikdə özümü onlardan biri kimi hiss edirəm. Amma heyif ki, həmin ölkələrdə yaşamaq asan deyil. Almaniya bu baxımdan mənə daha əlverişli gəlir. Yaxın beş ildə özümü başqa yerdə təsəvvür edə bilmirəm. Buranın vətəndaşı olduqdan sonra başqa ölkəyə getməyi düşünə bilərəm.
- Almaniyaya gələrkən təsəvvür edərdiniz ki, dünyanın ən böyük idman geyim firmasında çalışmağa başlayacaqsınız?
- Almaniyaya magistratura oxumaq üçün gəldim. O zamandan işlə bağlı da müraciət etdim. Almaniyada iş tapmaq bir az çətin idi. Çünki mənim oxuduğum proqram ingilis dilində idi. Almaniyada işə qəbul olmaq üçün onların da dillərini bilməlisən. Qaldığım ərazidə üç böyük firma vardı: "Semens”, "Puma” və "Adidas”. Onlarda ingilis dili biliyi ilə iş tapmaq daha rahatdır. "Adidas”a da müraciət etmişdim. Lakin bilirdim ki, məni işə qəbul etməyəcəklər. Çünki vakansiya daha çox texnologiya sahəsi ilə bağlı idi. Sonra bir saytda "Puma”nın maliyyə sahəsinə işçi tələbə axtardığını gördüm. Oraya son anda müraciət etmişdim. Müraciətimdən bir saat sonra artıq həmin vakansiya mövcud deyildi. Vakansiya silinən kimi zəng etdilər ki, "müsahibə prosesi üçün seçilmiş beş nəfərin biri də sənsən”. Müsahibə çox səmimi alındı. Bir həftə sonra işə qəbul olunmağımla bağlı rəsmi məktub əldə etdim.
- "Puma” kimi markada işə qəbul olmaq üçün, sizcə, nələr önəmlidir?
- "Puma” böyük və beynəlxalq şirkət olduğu üçün oraya müraciət edən insanların sayı hədsiz çoxdur. İki ay əvvəl insan resursları departamentindən deyilmişdi ki, hər il onlara iş üçün ən azı iki milyon insan müraciət edir. Rəqabət çox böyükdür. Bəzən namizədlər o qədər çox olur ki, bütün müraciət edənlərin sənədlərinə baxa bilmirlər. O baxımdan düşünürəm ki, çox şanslıyam. Çünki son anda müraciət etdim və qəbul edildim. Amma müsahibədə uğurlu olmaq üçün özünü rahat aparmaq çox vacibdir. Çox həyəcan ziyandır. Çünki rahat olduqda onlar da görür ki, sən stresslə başa çıxa bilirsən. Böyük şirkətlərdə bu, üstünlük olaraq qəbul edilir.
- Orada iş mühiti necədir?
- "Puma”da işləmək çox maraqlıdır. Çünki burada iş və şəxsi həyat arasındakı balansa çox önəm verilir. Məsələn, cümə günü saat dörddə artıq heç kəs çalışmır. Amma əslində iş saatı beşdə bitir. Çalışmırlar, çünki şəxsi həyatları onlar üçün önəmlidir. Fikrimcə, bu balans qorunduğu üçün hər kəs bir-biri ilə mülayimdir. Həmçinin hər üç ayda bir dəfə insan resursları departamentinin nümayəndələri ilə görüş keçirilir. Qiymətləndirmə aparılır. İşçi də rahatlıqla onu narahat edən nüansları dilə gətirə bilir. İstəyən hər kəs rahatlıqla şirkətin rəhbərinə də məktub ünvanlaya bilər. Çünki hər kəsin fikrini bildirməsinə diqqət edirlər. Əgər yeni bir vakansiya olursa, öncə şirkətin daxilindəki işçilər üçün açılır. İstəyən işçi oraya müraciət edə bilir. Ondan sonra artıq ictimaiyyətə açıq halda paylaşılır. "Puma”da yüksəlmək elə də çətin deyil. Əgər sənə verilən tapşırıqları layiqincə yerinə yetirə bilirsənsə, bu, çox kömək olur. Rəhbərin sənin haqqında müsbət fikirdədirsə, bu, yüksəlməyinə müsbət təsir edir. Burada yüksəlmək üçün milli kimlik kimi nüanslar nəzərə alınmır. Yəni, alman olmasan da, heç bir ayrı-seçkilik yoxdur.
- Deyirsiniz ki, azərbaycanlı olmaq vəzifədə yüksəlməyə əngəl deyil. Orada ölkəmizi tanıyırlarmı?
- Şirkətdə məndən başqa çalışan azərbaycanlı yoxdur. Həftədə bir dəfə püşk atılır və digər departamentin nümayəndəsi ilə kofe içməyə gedirsən. Bir dəfə insan resursları departamentinin müdiri ilə getdik. O, məndən haralı olduğumu soruşdu. Azərbaycanlı olduğumu dedikdə təəccübləndi. Dedi ki, bizim şirkətdə azərbaycanlı yoxdur. Mən də həmişə maraqlanırdım ki, bəlkə həmvətənlərimi taparam. "Puma”da Azərbaycanı daha çox "Formula 1” sayəsində tanıyırlar. Çünki şirkət "Formula 1”in sponsorudur. Azərbaycan dedikdə ağıllarına ancaq Bakı gəlir.
- Şirkətin uğurlarından danışdıq. Bəs uğursuz olduqları zamanlarda necə olurlar?
- Mağaza açanda bir neçə məqamlara diqqət edirik. Yeri, oradan nə qədər insan keçdiyi və sair. Bunların hər biri nəzərə alınır. Bir neçə departament birlikdə çalışaraq nəticə əldə edirik. Amma mağazanı açdığımız ölkə də çox vacibdir. Çünki maliyyədə pul yatırdığın zaman ildən-ilə dəyərini itirir. Pul itkisini hesablamaq üçün inflyasiyanı da gözə almalıyıq. Məsələn, Türkiyə və Argentina təhlükəli ölkələrdir, çünki onlarda inflyasiya faizi yüksəkdir. Yaxud, Rusiyada yüzə yaxın mağazamız var idi, müharibə səbəbindən bağlamalı olduq. Bu, çox böyük ziyanla başa gəldi. Mağaza açdıqda uğursuz olması da normaldır. Hər layihənin uğurlu olması mümkünsüzdür. Yüz mağazadan 2-3-ndə bu, ola bilər. Bəzən mağaza özünü doğrultmur, analizlərimiz gözlədiyimiz kimi olmur. Amma bu zaman da heç kim işçini günahlandırmır. Hər kəs nəticəni ümumi qəbul edir.
- İş həyatınız boyunca, öyrəndiyiniz ən vacib dərs nə olub?
- Ən vacib dərs stresslə rahat başa çıxa bilməkdir. Çünki stressə girdiyimiz zaman aqressiv ola bilirik. Bu zaman iş yoldaşlarınla da münasibətlərin korlana bilər. İşə ilk başladıqda bir az bununla bağlı çətinlik çəkirdim. Bir də sualın olduqda onu rahat şəkildə dilə gətirmək lazımdır. Özünə güvənərək fikrini dəqiq ifadə etməlisən.
- Niyaməddin bəy, gələcək hədəfləriniz nədir?
- Gələcək üçün müəyyən planlarım var. Maliyyə sahəsində "Hedc fondları” deyə bir sahə mövcuddur. Həmin sahə üzrə çalışmaq istərdim. Çünki orada daha çox riskli layihələr olur. Həm də istərdim növbəti çalışacağım şirkət daha kiçik olsun. Şirkəti böyüdən, qərarverici insanlardan biri də mən olum.
Mənbə: "Kaspi" qəzeti