Dünyanın ən çətin və ən şərəfli döyüşü insanın öz taleyi ilə apardığı mübarizədir. Bu elə bir sınaqdır ki, orada nə silahlar susur, nə də iradə sarsılır. 1995-ci il oktyabrın 24-də Lerik rayonunun Anbu kəndin də dünyaya göz açan, ilk təhsilini doğma Anbu kənd məktəbində alan və sonradan fiziki tərbiyə müəllimliyi ixtisası üzrə təhsil alaraq gənc nəslin fiziki-mənəvi inkişafına ömrünü həsr edən gənc bir ziyalının — Komando baş kəşfiyyatçısı Şamo İsrafil oğlu İbadovun ömür yolunun ən ağrılı və ən qürurlu səhifələri vərəqlənir. Şamo İbadov gənc bir ziyalı, ömrünü sağlam nəslin yetişməsinə həsr etmiş peşəkar bir idmançı və pedaqoqdur. Lakin onun həyatı sadəcə sinif otaqları və idman zalları ilə məhdudlaşa bilməzdi. Çünki daxilindəki böyük Vətən sevgisi onu hər an ən böyük fədakarlıqlara səsləyirdi.
Ümumdünya Müəllimlər Günündə Yazılan Səngər Dərsi
2020-ci ilin sentyabrında torpaqlarımızın azadlığı uğrunda müqəddəs Savaş başlayanda, gənc müəllim Şamo İbadov üçün ömrünün ən böyük dərs saatı yetişdi. O, şagirdlərinə Vətəni sevməyin nə olduğunu parta arxasında deyil, real döyüş meydanında göstərmək qərarına gəldi. Oktyabrın 5-də — məhz Ümumdünya Müəllimlər Günündə əlindəki təbaşiri silahla əvəz edərək, vətənin dar günündə canını heçə saydı və könüllü olaraq cəbhəyə yollandı. Onun xidmət yolu ordumuzun ən xüsusi döyüş tapşırıqlı bölmələrindən birinde — 196 saylı hərbi hissənin Komando briqadasında başladı. Şamo cəbhədə sadəcə bir əsgər olmadı; o, ehtiyac duyulan hər bir çətin nöqtədə — baş kəşfiyyatçı-istehkamçı, tibb xidmətçisi, qumbaraatan və vizual kəşfiyyat müşahidəçisi olaraq ölümün gözünə dik baxdı. Hadrutun sıldırım qayalıqlarından başlayan döyüş yolu Çanaqçıdan, Daşaltıdan keçərək Şuşanın uca zirvələrinə qədər uzandı. Laçın dəhlizinin azad olunmasında, Şuşa-Xankəndi yolunun bağlanmasında və Topxana meşələrində keçirilən xüsusi əməliyyatların təşkilində onun birbaşa iştirakı və imzası var idi. Xüsusilə Şuşa uğrunda gedən amansız döyüşlərdə kəşfiyyat tapşırıqlarını yerinə yetirməklə bərabər, tibb xidmətçisi kimi yaralı silahdaşlarına ilkin tibbi yardım göstərib onları atəş xəttindən təxliyə edərək onlarla insanın həyatını xilas etdi. Bu rəşadət dövlətimiz tərəfindən yüksək qiymətləndirildi və Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamları ilə Şamo İbadov “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərdə fərqlənməyə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edildi. Zəfər müqaviləsindən sonra Laçın və Kəlbəcərin təhvil alınması zamanı Quru Qoşunlarının komandanı general-leytenant Ənvər Əfəndiyev tərəfindən şifahi olaraq təqdim edilən “Laçının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları isə, müharibədən sonra hərbi hissənin ləğv edilməsi səbəbindən hələ də öz sahibinə çatdırıla bilməyib.
Müharibədən Sonra Başlayan İkinci Savaş və Son Səngər
2021-ci ilin ilk günündə ordudan ehtiyata buraxılan Şamo İbadov evinə, doğma ocağına qayıtsa da, cəbhə şəraitinin amansızlığı, soyuq səngərlər və keçdiyi ağır döyüş yolları onun bədənində silinməz, gizli fəsadlar buraxmışdı. Təxris olunduqdan qısa müddət sonra səhhətində yaranan ciddi narahatlıqlar, aparılan uzunmüddətli müayinələr gənc komandonu daha amansız, bu dəfə gözəgörünməz bir düşmənlə üz-üzə qoydu. Ona onkoloji xəstəlik diaqnozu qoyuldu. Döyüş meydanında geri çəkilmək nə olduğunu bilməyən Şamo, bu ağır xəstəliyə qarşı da eyni idmançı dözümü və əsgər mətanəti ilə savaşa başladı. O, tam 40 kurs ağır kimyaterapiya və 5 kurs şüa müalicəsi (radioterapiya) sınağından keçdi. Hər seans, hər kurs onun bədəni üçün sanki yeni bir döyüş tapşırığı idi. Şamo bu amansız xəstəliyin qarşısına öz sarsılmaz iradəsini və yaşamaq eşqini sipər etdi, qürurunu bir an belə sındırmadı, son ana qədər təkbaşına, heç kimə yük olmadan mübarizə apardı. Lakin müharibənin gənc bədəndə açdığı gizli yaralar və xəstəliyin amansız gedişatı dayandırılmadı. Müalicələrə baxmayaraq, xəstəlik bütün bədənə yayıldı və ən sonda onun sarsılmaz qamətinin, məğrur duruşunun simvolu olan onurğasına qədər sızdı. Bu, gənc komandonun son səngəri, tale ilə son əlbəyaxa döyüşü idi.
Əbədiyyət Zirvəsi: Komandonun Vidası
2026-cı il mayın 24-də, ömrünün ən gözəl, ən verimli çağında gənc ziyalı, fədakar müəllim və cəsur komando Şamo İbadov bu fani dünyaya gözlərini əbədi yumdu. O, bu gedişi ilə təkcə yaxınlarının deyil, onun rəşadətindən xəbərdar olan hər bir azərbaycanlının qəlbində dərin, göynəyən bir yara buraxdı. Şamo İbadov cismi olaraq bu dünyanı tərk etsə də, məğlub olmadı. O, Hadrutdan Şuşaya qədər yazdığı qəhrəmanlıq dastanı ilə, çətin gündə canını sipər edən Vətən torpağına qarışaraq ölümsüzlüyə qovuşdu. Oktyabrın 5-də Müəllimlər Günündə sinif otağından çıxıb səngərə yollanan o gənc müəllim, indi gələcək nəsillərə ən böyük dərsi — şərəflə yaşamaq və qəhrəmanlıqla köçmək dərsini miras qoyub getdi. Onun xatirəsi Şuşanın sıldırım qayalarında, Laçının uca dağlarında və onu hər zaman qürurla anacaq şagirdlərinin yaddaşında əbədi yaşayacaq. Vətən fədaisi, Komando baş kəşfiyyatçısı Şamo İbadovun ruhu şad, məkanı cənnət olsun!



