Türkiyə Super Kubokunun Bakıda keçirilməsi Azərbaycana nə verəcək? - ŞƏRH

İDMAN
11:55 / 02.08.2023
718

"Qalatasaray" və "Fənərbağça" arasında oynanılacaq Türkiyə Super Kuboku matçı Bakıda keçirilə bilər.

Gələn ilin yanvar ayında Azərbaycanda baş tutması ehtimal olunan matçla bağlı "Qalatasaray"ın prezidenti Dursun Özbək də açıqlama verib. 

O, oyunun Bakıda keçirilməsinin çox yaxşı olacağını diqqətə çatdırıb:
"Bakıya gedəndə gördüyümüz münasibət Türkiyədəkindən fərqli deyil. Azərbaycandakı qardaşlarımızı da məmnun etmiş olarıq. Əlbəttə ki, yekun qərarı Türkiyə Futbol Federasiyası (TFF) verəcək. Matçın Bakıda keçirilməsi üçün təmaslarımızı davam etdiricəyik".

Qeyd edək ki, Türkiyə klublarının Azərbaycanda çox böyük azarkeş kütləsinin olduğu məlumdur. Hətta bəzi araşdırmalar göstərir ki, ölkəmizdə ən çox dəstəklənən xarici komandalar da məhz "Qalatasaray" və "Fənərbağça"dır. Belə olan halda, sözügedən klublar arasında oynanılacaq matç böyük maraqla gözlənilir. Lakin bütün bunların fonunda Türkiyə Super Kubokunun Bakıda keçirilməsinin ölkəmizə nələr qazandıracağı da müzakirə mövzsudur.

Maraqlıdır, bunun Azərbaycan futbolu üçün hansı qazancları olacaq?

Tanınmış idman jurnalisti Natiq Muxtarlı HİT.az-a açıqlamasında bildirib ki, adətən “böyük beşlik” ölkələri kubokun finalını və ya Super kubok oyunlarını ya ABŞ-da, ya da ərəb ölkələrində keçirilər:

331098

"Bu da sırf biznes amili ilə bağlıdır. Buna görə onlara yaxşı pul təklif edirlər. Azərbaycanda isə Türkiyə klublarının böyük azarkeş kütləsi var. Yəni Türkiyə Super kuboku Bakıda keçirilsə, ajiotaj olacağı dəqiqdir. Təbii ki, Türkiyə klubları bu qarşılaşmadan gəlir umurlar. Deməli, Bakıda keçiriləcək oyunun xərclərini də kimsə üzərinə götürməlidir. Bunu edən olsa, türklər rahatlıqla Bakıda oynayarlar. 

Bu, kimə nə qazandıracaq? Türkiyə klubları pullarını alıb gedəcəklər. Üstəlik, Azərbaycanda azarkeşlərinin sayı daha da artacaq. Bəs Azərbaycan futbolunun qazancı nə olacaq? Heç nə. İndiki halda bu ideyanın Azərbaycan futbolunun da mənafeyinə xidmət edəcəyini iddia etmək olmaz".

Jurnalist xatırladıb ki, Türkiyə futbolunun yeni qaydasına əsasən türkdilli ölkələrinin futbolçuları legioner sayılmayacaq:

"Hər komandaya bir futbolçu transfer etmək şansı verilib. Mətbuatı izləyirəm və görürəm ki, Türkiyə klubları qazax və özbək futbolçular üçün hərəkətə keçiblər. Xüsusən də  Rusiya çempionatında oynayanları hədəf alıblar. Amma azərbaycanlı futbolçulara maraq yoxdur. Bunun səbəbi araşdırılmalıdır. Az da olsa, Azərbaycanda da elə futbolçular var ki, Türkiyə çempionatında oynaya bilərlər".

Natiq Muxtarlı qeyd edib ki, Türkiyə Super Kubokunun Bakıda keçirilməsindən sadəcə bir tərəf qazanclı çıxacaq:

"Məqsəd bu olmalıdır ki, azərbaycanlı futbolçuların Türkiyəyə getməsi təmin edilsin. Bunun üçün həm azərbaycanlı, həm də türkiyəli agentlərlə iş aparılmalıdır. Türkiyə klublarının üzünü Azərbaycana çevirmək lazımdır. Belə olacağı təqdirdə, futbolumuzun nəsə qazanacağını güman edə bilərik. Amma Türkiyə Super kubokunun Bakıda keçirilməsindən yalnız bir tərəf qazanclı çıxacaq. Gələcəklər, oynayacaqlar, pullarını alıb gedəcəklər".

Pərviz

0