Türkiyənin "Beşiktaş" klubu mövsümə əla başlayıb.
İstanbul nəhəngi mövsümü Türkiyə Super Kuboku ilə açdı və əzəli rəqibi "Qalatasaray"la qarşılaşdı. "Qara qartallar" heç kimin gözləmədiyi bir şəkildə rəqibini 5-0 hesabı ilə darmadağın etdi. Xüsusilə həmin oyunda yeni transferlər Ciro İmmobile və Rafa Silvanın möhtəşəm oyunu azarkeşləri məst etdi.
Üstəlik, "Beşiktaş" Super Liqanın ilk həftəsində qarşılaşdığı "Samsunspor"u da 2-0 hesabı ilə məğlub etməyi bacardı. Bütün bunların ardından "Beşiktaş" azarkeşlərinin bu mövsümdən gözləntiləri kifayət qədər artdı.
Maraqlıdır, bu mövsümə iddialı başlayan "Beşiktaş"dan gözləntilər nələrdir?
Mövzu ilə bağlı futbol mütəxəssisi Aslan Kərimov Hit.az-a açıqlama verib. O, ilk olaraq "Beşiktaş"ın "Qalatasaray"ı 5-0 hesabı ilə məğlub etdiyi matç barədə danışıb:
"Türkiyədə bəzən 4 böyük komandalar arasında oynanılan matçlarda belə nəticələrlə qarşılaşırıq. Azarkeşlər də uzun müddət belə böyük hesablarla zarafat edərək bir-birlərini qıcıqlandırırlar. Əslində, Super Kubok matçı 5-0 hesabı ilə qələbə qazanılacaq bir oyun deyildi.
Üstəlik, "Beşiktaş"ın "Qalatasaray"ı bütün komponentlərdə məğlub etdiyini də demək çətindir. Hətta bir neçə qolu da əks hücumda vurdular. Ona görə də "Beşiktaş"ın "Qalatasaray"dan üstün olduğunu deyə bilmərəm".
Mütəxəssis "Beşiktaş"dan bu mövsüm gözləntilər barədə danışmaq üçün erkən olduğunu deyib:
"Türkiyə Super Liqası üçün birinci tur hələ heç nə demək deyil. "Beşiktaş"ın özü də bəzən çempionata uğursuz başlayıb, amma uğurlu bitirdiyi illər olub. Düşünürəm ki, hələlik oynadığı 2 matça və etdiyi transferlərə əsasən indidən "Beşiktaş" barədə proqnoz vermək olmaz. Hətta İstanbul təmsilçisinin indidən çempion olacağını iddia etmək üçün də tezdir".
Pərviz