"İlk duet ortağım atam olub".
Bu sözləri məşhur müğənni Naili İmran HİT.az-a müsahibəsində deyib.
Sözügedən müsahibəni təqdim edirik:
- Naili İmran kimdir? Özünüzü necə ifadə edərdiniz?
- Naili İmran xanəndə və müğənnidir. Özümü uşaqlıqdan musiqiyə vurğun olan biri kimi ifadə edə bilərəm.
- Sənətə necə başlamısınız?
- Mən musiqiçi ailəsində doğulub böyümüşəm. Məni musiqiyə ruhlandıran və həvəsləndirən şəxsin atam olduğunu qeyd etməliyəm. Hətta ilk duet ortağım da atam olub. Kiçik yaşarımdan etibarən el şənliklərində atamla birlikdə çıxış edirdim.
- Bəs əsl adınız nədir? Niyə Naili İmran təxəllüsündən istifadə edirsiniz?
- Dediyim kimi, bu sənətə başlamağım və ilk duetlərim atamla bağlı olduğu üçün onun adı olan İmranı soyadı kimi istifadə edirəm. Əsl adım isə Nailədir. Qazaxıstanda dünyaya gəlmişəm. Amma əslən Gürcüstan azərbaycanlısıyam. Naili adını da gürcülərə daha yaxın olduğu üçün seçdim. Hətta Gürcüstanda mənə Nailə yox, Naili deyirlər. Həmçinin, məktəb illərimdə də qazaxlar məni Naili deyə çağırırdılar. Yəni adımı Naili İmran edərək fərqlilik olmasını istədim.
- Yaradacılığınızda nə yeniliklər var? Tezliklə yeni mahnı və klip təqdim edəcəksiniz?
- Əlbəttə ki, yeniliklərim olacaq. Mən yaradıcılığımda dayanmağı sevmirəm. Hazırda yeni və fərqli bir üslubda olacaq mahnı üzərində çalışıram. Qazaxıstanla bağlı bir layihə olacağını deyə bilərəm. İnşallah tezliklə təqdim edəcəm.
- Siz Azərbaycanla yanaşı Qazaxıstanda da çox sevilirsiniz. Orada bu qədər tanınmağa və uğurlu olmağa necə nail oldunuz?
- Çünki Qazaxıstan vətəndaşıyam. Orada doğulub böyümüşəm. Üstəlik, musiqiyə də ilk addımlarımı məhz Qazaxıstanda atmışam. İndə də fanatlarımın böyük əksəriyyətini Qazaxıstan vətəndaşları təşkil edir.
Pərviz Şimşək