Aqşin Fateh kimdir?

MAQAZİN
16:45 / 01.02.2024
1562

Hazırda Azərbaycanda ən çox sevilən ifaçılar siyahısının başında gələnlərdən biri də Aqşin Fatehdir. 

Onun hər yeni mahnısı bir neçə saat içərisində trendə düşür, milyonlarla dəfə dinlənilir. Üstəlik, Aqşin Fatehin kliplərinin "YouTube"da bir neçə günə trend videolar listəsində 1-ci olması artıq adi bir hala çevrilib. Elə bunun özü də sənətçinin necə çox sevildiyinin bariz nümunəsidir. Onun oxuduğu mahnılar o qədər paylaşılır ki, hər yerdə qarşımıza çıxır. 

Aqşin Fatehin fanatlarının bu qədər çox olması ilə bağlı daha bir fakt da var. Belə ki, o, 10 il ərzində sənətdən uzaqlaşdı. A.Fateh həmin müddət ərzində sadəcə dini məzmunlu ifalar oxudu və dini filmlərə çəkildi. Lakin aradan keçən 10 il ona olan sevgini azalmağa yetmədi. 

Sənətçi "Barama" mahnısı ilə səhnəyə fırtına kimi geri döndü. Xüsusilə, sözügedən mahnının klipinin film səviyyəsində olması olduqca diqqət çəkdi. Qısa müddət ərzində milyonlarla insanın dinlədiyi mahnı sayəsində Aqşin Fateh adı 10 il sonra yenidən gündəmi zəbt etdi. O, fəaliyyətini bərpa etdikdən sonra bir-birinin ardınca hit mahnılarını təqdim etdi. Eyni zamanda, müğənninin oxuduğu duetlər də fanatlarını məst etdi. 

Bəs milyonlarla insanın sevgisini qazanan Aqşin Fateh kimdir? 

Aqşin Səyyad oğlu Hacıyev 23 oktyabr 1978-ci ildə Gürcüstanın Borçalı şəhərində dünyaya gəlib. O, təhsilini Bakıda alıb. Belə ki, 1984-cü ildə Bakı şəhəri 63 nömrəli tam orta məktəbə daxil olub.

O, 2000-ci illərdən meyxana deməyə başladı və "Fateh" təxəllüsü ilə qısa zamanda populyar oldu. Aqşin Fatehin bir dönəm meyxana aləmində də böyük uğurlar əldə etdiyini qeyd etmək lazımdır. O, 2001 və 2002-ci illərdə "ANS" telekanalında yayımlanan "De, gəlsin" adlı məşhur meyxana yarışmasında "Qızıl medal" mükafatını qazanıb. 

Aqşin Fateh özünü rejissor kimi də sınayıb. O həmçinin aktyor olaraq da kameraların qarşısına keçib. A.Fateh "Sirat körpüsü" (2007), "Bağışla, gələ bilmədim" (2015) filmləri və 2017-ci ildə isə "ATV" telekanalında yayımlanan "Barama" serialında baş rol oynayıb. 

Aqşin Fateh Aygün Hacıyeva adlı xanımla evlidir. Cütlüyün Əli və Səyyad adlı oğulları, Fatimə və Ayşən adlı qızları var. 

Onu meyxanaçı, bəstəkar, yazıçı, rejissor və aktyor kimi təqdim etmək olar. Çünki sənətçi bu peşələrin hər birinin öhdəsindən məharətlə gəlir. Böyük tamaşaçı sevgisi qazanan Aqşin Fatehin uğurları kifayət qədər çoxdur. Biz onların bir qisminə qısa olaraq nəzər yetirdik. Lakin bu bir reallıqdır ki, Aqşin Fateh həqiqətən sevilən, seçilən sənətkarlardandır. 

Aqşin Fatehə bundan sonrakı karyerasında da bol uğur arzulayırıq...

Pərviz Şimşək

0