Kofenin zərərləri nələrdir? - Mütəxəssis AÇIQLADI

MARAQLI
12:09 / 20.11.2023
4932

"Kofenin insan orqanizminə faydaları olduğu qədər zərələri də var".

Bu sözləri sağlam qidalanma mütəxəssisi, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova HİT.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, kofedən düzgün şəkildə istifadə etmədikdə bir çox mədə xəstəlikləri - qastrit, xora, mədədə turşuluğun artması və orqanizmin kafeinlə zəhərlənməsi kimi hallar baş verə bilər:

"Nəzərə almaq lazımdır ki, orqanizmimiz genetik olaraq kofeni qəbul edib, həzm edəcək qədər kodlaşdırılmayıb. Ölkəmizdə kofe içmək daha çox son illərdə dəb halını alıb. Yəni genetik olaraq çox kofe içmək bizdə formalaşmayıb. Amma buna baxmayaraq, bu gün əksər insanlar səhər acqarına və ya gün ərzində həddindən artıq kofe içirlər. Bu isə birmənalı şəkildə orqanizmə ziyandır". 

338181

Ekspert qeyd edib ki, kofeni gün ərzində 200 milliqramdan artıq qəbul etmək olmaz: 

"Lakin bəzi insanlar böyük fincanlarda birdəfəyə 200 milliqram və ya daha çox kofe içirlər. Bu şəkildə orqanizmə zərər vurulması isə yolverilməzdir. Ümumiyyətlə, qətiyyən acqarına kofe içmək olmaz. Bu, birbaşa olaraq orqanizmin kofeinlə zəhərlənməsi və qanda şəkər balansının pozulmasına gətirib çıxarır. Günə kofe ilə başlayan insanlar bir müddət özlərini enerjili hiss etsələr də daha sonra gün ərzində yorğun və diqqətsiz olurlar, habelə yuxu sistemləri pozulur". 

Mütəxəssis onu da bildirib ki, aromatizator, şokalad, krem kimi qatqı maddələri əlavə olunan kofe içmək daha çox kalori almanıza səbəb olur:

"Bu isə həzm sistemi üçün problemlər törədir. Xüsusilə, davamlı olaraq kofe içən insanlarda bağırsağın mikroflorası pozulur. Bir müddət sonra ishal və qəbzlik bir-birini əvəz edərək bağırsağın hərəkətliliyinin pozulmasına gətirib çıxarır". 

Məhsəti Hüseynova vurğulayıb ki, kofe içərkən gün ərzində qəbul olunacaq maye balansını təmin edən su miqdarına da diqqət etmək lazımdır:

"Əgər bir fincan kofe qəbul ediriksə, onun qarşılığında mütləq şəkildə 2 stəkan su içməliyik. Kofe içmək üçün ən uyğun vaxt səhər yeməyi ilə günorta yeməyi arasındakı vaxtdır. 

Bundan əlavə, kalsium tərkibli qidaları kofe ilə birgə qəbul etmək olmaz. Çünki həmin zaman orqanizmdə mineralların və vitaminlərin azalması baş verir. Yəni onda südlə kofe reaksiyaya girərək orqanizmin daxili zəhərlənməsinə səbəb olur. Bunlara da diqqət etmək tövsiyə olunur". 

Pərviz

0