Qədim Bakı adətləri: Bakılılar hamamda nəyi qadağan etdilər? - VİDEO

MARAQLI
20:55 / 25.02.2024
474

İki əsr bundan əvvəl köhnə Bakını hamamsız təsəvvür etmək olmazdı. Hətta hamam cəhətdən Bakını Romanın xələfi də saymaq olar. Bakıdakı ilk hamam 14-cü əsrdə Nardaranda mövcud olsa da, hamama getmək adəti daha çox 18-19-cu əsrlərdə yayılmışdı.

Bakılılar hər dəfə fərqli hamamlara getməzdi, hər bakılının daim getdiyi bir hamam olardı. Ağa Mikayılın, Hacı Qaibin, Qasım Bəyin hamamları 19-cu əsrin məşhur hamamları idi. Hamam insanların həm də əyləncə yeri idi. Eyni zamanda hamamlarda bərbərlər də fəaliyyət göstərirdilər.

Bakıda hamam binası əsasən iki hissədən ibarət idi: bayır və içəri hissələr. Bayır hissə soyunub-geyinmək üçün, içəri hissə isə çimməkdən ötrü idi. Hamamın suyu odun, ya da neftlə isidilirdi. İçəridə iliq su ilə dolu hovuz olardı. Kisələnəndən sonra insanlar bu hovuza girib yaxalanardılar. Müasir hamamlardakı VİP kabinələr kimi, əvvəllər hamamda xəlvəti hovuzlar olurdu. Orada təkcə şəhərin varlı şəxsləri çimərdi.

Hamamlarda çılpaq yuyunmaq qadağan idi. Soyunandan sonra cumadar adlandırılan hamam xidmətçisi hərəyə bir fitə verərdi. Yalnız fitəyə büründükdən sonra çimməyə icazə verilərdi. Cumadarlar varlılara ipək, kasıblara isə iplikdən tikilmiş fitə verərdi.

Köhnə Bakıda mövcud olan və indi də qalan adətlərdən biri toy hamamı anlayışıdır. Toydan bir gün qabaq bəy öz dostlarını hamama dəvət edər və hamam pulunu özü ödəyərdi. Bu adət “O olmasın, bu olsun” filmində də göstərilir. Həmin filmin hamam səhnəsi “Ağa Mikayıl” hamamında çəkilmişdi. İndiyədək insanlar “Ağa Mikayıl” hamamına “Məşədi İbad” hamamı deyirlər.

Kişilərin və qadınların hamam günləri ayrı idi. Kişilərə nisbətən qadınların hamam günü daha səs-küylü keçərdi. Çünki qadınlar öz uşaqlarını da hamama gətirərdilər. Arvad yengələri bütün günü hamamda düşüb qalardılar. Onlar övladlarına qız axtaran adamların pulu ilə çimərdilər. Peşələri gizli-gizli qızlara göz qoymaq idi. Cavan gəlinlər öz paltarlarını nümayiş etdirmək üçün zərbaftalı don geyinib bəzənərdilər, ən bahalı qızıllarını taxıb nümayiş etdirərdilər. Bütün bunlar “Qanun naminə” filminin hamam səhnəsində göstərilir.

Ətraflı Baku TV-nin əməkdaşı Emil Hacıyevin araşdırmasında:

 

0