"Cadunun təsirinin olduğunu “Qurani-Kərim” də, elm də təsdiq edir. Yəni, “Qurani-Kərim” bunun mövcudluğunu təsdiq edir. Din bunu şeytan və şər qüvvələrlə həyata keçirildiyini deyir, elm isə ona mənfi enerjinin yönləndirilməsi deyir. Cadunun təsirinə qarşı İslam dinində, “Qurani-Kərim”də müxtəlif metodlar var".
Bu sözləri Hit.az-a ilahiyyatçı Tural İrfan deyib.
O bildirib ki, cadu əməllərini batil etməkdən ötrü müxtəlif metod və qaydalar var. Bunlar peyğəmbərin dövründə də olub, indi də var:
"Elimizin adətində də nəzər götürmək, göz muncuğu kimi şeylər də bir növ ona aiddir. Bəziləri isə şarlatanlıqla məşğuldur, bu şeyləri bildiyini iddia edərək, yəni guya həm cadu edib, həm də cadu poza bilirlər. Son dövrlər sosial şəbəkələrdə bunlar geniş yayılıb. Biz hüquqi ölkədə yaşayırıq, birmənalı olaraq bunun qarşısı alınmalıdır, çünki bu, açıq-aşkar dələduzluqdur. Onlar, əslində dələduzlardır. Çoxunun dinə aidiyyəti yoxdur. Sadəcə, din donuyla pərdələnib özlərinə imic yaradırlar. İnsanlar müqəddəsliyə qiymət verdiklərinə görə bunlara inanılar. Kiməsə cadu ediblərsə, müxtəlif “Quran” surələri var ki, Allaha yaxınlaşma yolu ilə həmin şeydən təmizlənir. Psixoloji dəstək verilir və mənfi enerjidən qurtulur. Cadugərliyin o qədər dərin kökü, əsası yoxdur. Sadəcə, illuziyadır, mənfi enerjini müxtəlif istiqamətə yönləndirməkdir. Əgər cadunun yüksək səviyyədə təsiri olsaydı, onda dünyada bütün problemləri onunla həll edərdilər".
Sevinc