Böyük Britaniyanın Brunel Universitetinin alimləri qadınların eyni anda bir neçə işi kişilərdən daha yaxşı yerinə yetirməsi ilə bağlı geniş yayılmış fikri araşdırıblar. Tədqiqatın nəticələri göstərib ki, kişilər də oxşar tapşırıqlarda qadınlar qədər uğurlu nəticə göstərə bilirlər.
HİT.az xəbər verir ki, araşdırma iki mərhələdə aparılıb və alimlərin fikrincə, bu stereotipin formalaşmasında insanların vizual təəssüratları mühüm rol oynayır.
İştirakçılar eyni vaxtda beş tapşırıq yerinə yetiriblər
Təcrübənin ilk mərhələsində iştirakçılardan gündəlik həyatı simulyasiya edən beş müxtəlif işi eyni vaxtda yerinə yetirmək tələb olunub.
Əsas tapşırıq verilən reseptə uyğun yemək hazırlamaq olub. Bununla yanaşı, iştirakçılar telefon kitabçasında "01421" ilə başlayan nömrələri tapmalı, ekranda göstərilən müəyyən hərf və sözləri müəyyən etməli, eyni zamanda səsgücləndiricidən verilən açıq suallara cavab verməli olublar.
Nəticələr göstərib ki, qadınlar və kişilər demək olar ki, bütün tapşırıqlarda eyni səviyyədə nəticə əldə ediblər.
Yeganə fərq danışıq tapşırığında müşahidə olunub. Kişilər eyni vaxtda bir neçə işi yerinə yetirərkən verilən sualları cavablandırmağa qadınlarla müqayisədə təxminən iki dəfə az üstünlük veriblər. Bununla belə, cavab verməyi seçdikləri hallarda onların cavablarının sürəti və keyfiyyəti qadınların göstəricilərindən geri qalmayıb.
Alimlərin fikrincə, bu fərq bacarıq çatışmazlığından deyil, diqqəti digər tapşırıqlara yönəltmək seçimindən irəli gəlir.
Vizual təəssürat stereotipləri gücləndirir
Tədqiqatın ikinci mərhələsində başqa bir iştirakçı qrupuna ilk mərhələnin videogörüntüləri nümayiş etdirilib və onlardan iştirakçıların fəaliyyətini qiymətləndirmək xahiş olunub.
Baxmayaraq ki, kişilər digər tapşırıqlarda qadınlarla eyni nəticələri göstəriblər, müşahidəçilər onları daha gərgin, vəziyyətə daha az nəzarət edən və daha uğursuz hesab ediblər.
Tədqiqat müəllifləri hesab edirlər ki, bu nəticə kişilərin bacarıqlarından deyil, onların fəaliyyətinin kənardan necə qəbul olunması ilə bağlı mövcud stereotiplərdən qaynaqlanır.
Samir


