Kağız təqvimdən istifadə edənlərin yaddaşı və planlaşdırma qabiliyyəti daha güclü ola bilər

MARAQLI
19:19 / 05.11.2026
37

Kağız təqvimdən istifadə edən insanlar elektron təqvimə üstünlük verənlərlə müqayisədə yaddaş və planlaşdırma baxımından müəyyən üstünlüklərə malik ola bilərlər. Psixoloqların fikrincə, işləri kağız üzərində qeyd etmək təkcə vaxtı düzgün bölüşdürməyə deyil, həm də motivasiyanın artmasına kömək edir.

HİT.az-ın məlumatına görə, “Grazia” nəşri mütəxəssislərin fikirlərinə və elmi araşdırmalara istinadən yazır ki, kağız təqvimdən istifadə edən insanlar daha düşünülmüş, məsuliyyətli və yaradıcı yanaşma nümayiş etdirirlər.

Araşdırmalar göstərir ki, məlumatları kağız üzərində qeyd etmək beynin yaddaş, vizual qavrayış və dil ilə əlaqəli sahələrini daha fəal işə sala bilər. Tokio Universitetinin alimlərinin 2021-ci ildə apardığı tədqiqatda kağız təqvimdən istifadə edən iştirakçılar məlumatların bəzi detallarını smartfon istifadəçiləri ilə müqayisədə təxminən 25 faiz daha sürətli xatırlayıblar.

Mütəxəssislər bildirirlər ki, görülmüş işin üzərindən xətt çəkmək də insanın motivasiyasına müsbət təsir göstərir. Bu, beyində kiçik mükafat hissi yaradaraq növbəti tapşırıqları yerinə yetirmək istəyini gücləndirir. Bundan başqa, təqvimdə qarşıdan gələn istirahət günlərini və ya məzuniyyət tarixlərini görmək insanda xoş gözlənti yarada bilər.

Tədqiqatçılar kağız təqvim istifadəçilərinin daha real planlar qurduğunu, işlərini ümumi zaman çərçivəsində qiymətləndirdiyini və nəzərdə tutduqları tapşırıqların daha böyük hissəsini yerinə yetirdiyini qeyd edirlər.

Bununla belə, mütəxəssislər rəqəmsal təqvimlərin əhəmiyyətini də inkar etmirlər. Xüsusilə ailə üzvlərinin ortaq cədvəllərini idarə etmək, səfərləri planlaşdırmaq və vacib görüşləri unutmamaq üçün telefonlardakı xatırlatmalar daha əlverişli hesab olunur.

Psixoloqların qənaətinə görə, kağız və elektron təqvim arasında seçim insanın gündəlik ehtiyaclarından asılıdır. Bildirişlərdən tez yayınan və bütün ayın planını bir baxışda görmək istəyənlər üçün isə kağız təqvim daha faydalı vasitə ola bilər.

Samir
 

0