Ermənilərin başına pul qoyduğu qadın snayper: "Rəhim Qazıyevə dedim ki, gizli gedəcəm..."

ÖLKƏ
16:02 / 16.10.2022
6312

Bu gün istənilən güc strukturlarında kişilərlə bərabər qadınlar da xidmət göstərir. Onlar arasında snayper peşəsinə yiyələnənlər də az deyil. Ümumiyyətlə, snayper olmağın xüsusi səbir, dözümlülük tələb etdiyini, ona görə də qadınların bu sahədə daha uğurlu olduğunu iddia edirlər. Hətta İkinci Dünya müharibəsində sovet ordusunun tərkibində nasist Almaniyasına qarşı döyüşən onlarla qadın snayper də buna nümunə olaraq göstərilir. Ancaq bilmək lazımdır ki, qadınların yaxşı snayper olması heç də təkcə onların daha səbrli, diqqətli, dözümlü olmasıyla əlaqəli deyil, burada həm də onların tənəffüs sisteminə bağlı olaraq çiyin nahiyəsinin kişilərlə müqayisədə daha sabit olması da mühüm rol oynayır.

İlk azərbaycanlı qadın snayper də İkinci Dünya müharibəsi dövründə fəaliyyət göstərib. Ziba Qəniyeva adlı kəşfiyyatçımız həmin dövrdə 129 faşisti məhv edib. Müstəqil Azərbaycanın ilk qadın snayperi isə Növrəstə Yusibova olub.  

Oxu.Az-ın əməkdaşı Birinci Qarabağ müharibəsinin yeganə qadın snayperi olan Növrəstə Yusibova ilə həmsöhbət olub. 

Müsahibəni təqdim edirik:

- Növrəstə xanım, ilk olaraq müharibədən öncəki fəaliyyətiniz barədə danışmağınızı istərdik.

- Qülləli kran maşınisti işləyirdim. 1986-cı ildən 1992-ci ilə qədər Azərbaycanda ilk qadın kran maşınisti olmuşam. Hətta maşınist kursunu əla qiymətlərlə bitirdiyimə görə mənə bu peşə üzrə üçüncü dərəcəni dərhal vermişdilər, ona görə də işlə təmin olunanda artıq birbaşa maaş aldım, yəni işə təcrübəçi kimi başlamamışam. 1992-ci ilin mart ayında mən “Şıxov” batalyonuna qoşulmaq üçün ərizə yazıb işdən çıxmaq istədim. Amma məni qoymadılar, “Müharibədən sağ qayıtsan, işinə davam edərsən”,-dedilər.  Həmin vaxt bu sahə üzrə yeddinci dərəcəsi olan iki nəfərdən biri idim. 

-Bildiyimiz qədər əvvəllər snayper təcrübəniz olmayıb, belə mahir atıcılığı harada öyrənmisiniz?

- Bəli, snayper təcrübəm olmayıb. Amma 1974-cü ildə həvəskar atıcı olmuşam. Məktəb vaxtı, demək olar ki, bütün idman növlərində yarışlarda iştirak edib biricilik qazanmışam, bircə atıcılıqla üzgüçülük təcrübəm olmayıb. Bakı Maliyyə-Kredit Texnikumunu (indiki Azərbaycan Maliyyə-İqtisad Kolleci) bitirmişdim və 1 saylı Klinik Tibbi Mərkəzdə (Semaşko) mühasib kimi fəaliyyət göstərirdim, orada çalışan vaxt yerli komitədən gəlirdilər ki, kim hansı idman növünü istəyir, o istiqamətdə məşqlərə, yarışlara qatıla bilər. Mən də həmin vaxt atıcılıq və üzgüçülük təcrübəmin olmadığını deyib atıcılıq dərslərinə qatıldım. Bizə iki gün məşqə icazə verdilər, növbəti səkkiz gündə isə yarış keçirildi və mən ikinci yeri tutdum. Ona görə də narahat oldum, növbəti yarışların vaxtını öyrənib yazıldım və ikinci dəfə qatıldığım yarışda birinci yerin sahibi oldum. Ancaq o dövrdən sonra mən heç məşq filan etməmişəm, tək təcrübəm o olub. 

- Bəs necə oldu ki, 40 yaşında ordu sıralarına qatılmağa qərar verdiniz?

- 1988-ci ildə Sumqayıt hadisələrindən sonra noyabrda Meydan hərəkatına qatıldı. 1990-cı ildə 20 Yanvar hadisəsi baş verdi. 1991-ci ildə isə eşitdim ki, könüllülərdən ibarət “Şıxov” batalyonu yaradılır. Niyə elə adlandırıldığını hələ də bilmirəm. Həmin vaxt elə bilmişdim ki, batalyon Şıxovda, dəniz qırağında yığılır, ona görə elə adlandırılır. Düşməndən qisas almaq, ordumuza kğmək olmaq istəyirdim, ona görə də çıxıb Şıxova getdim, oradakı polis məntəqəsinə yaxınlaşdım ki, “Şıxov” batalyonunun harada toplandığını öyrənim. Məni dərhal təxribatçı adıyla tutub təcridxanaya saldılar. Hətta orada polis mənə ona sual verdiyim üçün şillə də vurdu. Amma qadın olmağıma baxmayaraq, mən özümü itirmədim, duruş gətirdim. Bir neçə dəqiqə sonra rəisləri gəldi, polislər məruzə elədilər ki, təxribatçı tutublar. O vaxt da cinsiyyətindən asılı olmayaraq hər bir təxribatçı cəzalandırılırdı. İçərimizdə təxribatla məşğul olan o qədər erməni vardı ki. Rəis məni çağırıb sorğu-sual elədi, mən də hər şeyi detallı izah elədim, rəis polisin məni vurduğunu bilən kimi həmin polisə elə şillə vurdu ki, o yerə sərildi. Sonra məni buraxdılar və hətta rəis polislərə məni evə qədər ötürmələri üçün göstəriş verdi, Azneft dairəsinə çatanda maşından düşdüm. Könüllülərin indiki Binəqədi rayon İcra Hakimiyyətinin binasında toplaşdığını öyrəndim. Mən oraya gedəndə içəri buraxmadılar ki, aralarında qadın yoxdur. Tam dörd ay oraya gedib-gəlmişəm. Darvazanın qarşısında dayana-dayana Xocalı soyqırımının baş verdiyini öyrəndim. 

- Sonda onları razılıq verməyə nə vadar etdi?

- Bir gün oraya sürücüsü ilə birlikdə Müdafiə naziri Rəhim Qazıyev gəldi, mən tez onun qabağına qaçdım. O mən barədə digərlərinə məlumat verdiyini və məni qəbul edəcəklərini bildirdi, amma heç nə dəyişmədi. Martın 17-də Rəhim Qazıyev gəlib yenə içəri keçəndə bir daha qarşısında dayandım və bu dəfə aqressiv danışdım. Onda mənə: “Döyüşlərdə qadın yoxdur, sizi qəbul edə bilməzlər”,-dedi. Mən də gizli də olsa, cəbhəyə gedəcəyimi, sadəcə hər şeyin qanuni yolla həll olunmasını istədiyimi bildirdim. Mühafizəçilər məni içəri aparanda Etibar Məmmədovu gördüm. O mənim üçün stul çəkəndə özümü qəribə hiss elədim ki, axı nərmə-nazik biri deyiləm. Orada izah elədim ki, qülləli kran maşını sürə bilirəm, tibb ləvazimatlarından anlayışım var və s. Nəhayət, razılaşdılar, ancaq aşağı qeydiyyat üçün düşəndə mənə forma vermədilər. “Bu kişilər üçün nəzərdə tutulub, sənin üçün yubka gətirəcəklər, tam formanı onda götürərsən”,-dedilər. Mən də əsəbləşdim ki, səngərdə yubka geyinəcəm?! Əlindən formanı dartıb aldım. İki gün dincəlib martın 21-də yola düşəcəkdik. Heç bir təlim keçmədik. Mən də o iki gündə bütün arayışları toplayıb verdim, aptekdən başım çıxan dərman preparatlarını aldım, tibb çantasını tibbi ləvazimatlarla doldurdum, Nəsimi bazarından bel, qayçı, kəlbətin kimi şeylər alıb çantama qoydum.

- Sizlərə haralarda döyüşəcəyiniz barədə əvvəldən məlumat verilmişdi? 

- Xeyr, 21-i ancaq Laçına çatanda bildim ki, Şuşaya gedirik. Şuşaya da tam bələd idim, ona görə çox sevindim. Oraya ilk dəfə 1975-ci ildə getmişəm. Əslim Xızıdandır, dağlıyıq, bizimkilərin əlacı olsa, heç qızları işləməyə buraxmazdılar. Amma “Semaşko”dan məni Şuşaya sanatoriyaya göndərmişdilər deyə heç nə demədilər. Orada İbrahim adlı bir bələdçi vardı. O hər il sanatoriyaya istirahətə gələnləri ərazi ilə tanış edirdi. Ancaq mən avtobusla ərazini tanımağa getmirdim, özüm oraları tək gəzirdim, ona görə də Şuşaya tam bələd idim və bu, müharibə vaxtı mənə çox kömək etdi. Cıdır düzündə olanda oradan aşağıda yerləşən Qacarın gizləndiyi mağaraya belə düşüb baxmışdım. Həmin vaxt bilmişdim ki, Şuşada işçilərin çoxu ermənidir, həkimlərin də yarısı erməni idi. Onlar Şuşaya ancaq iş üçün gəlirdilər, yaşamırdılar. 

- Müharibəyə qatılma qərarınız ailədə necə qarşılandı?

- 40 yaşım vardı, hansı ailəyə müraciət edib icazə alacaqdım? (gülür). 1990-cı ildə boşanmışdım, övladım da yox idi, ancaq bu gün dünyada məndən çox övladı olan qadın yoxdur, o qazilərin, əsgərlərin hamısı mənim övladımdır. Tək yaşayırdım, ev-eşik özümün idi, qapımı bağladım, qonşuya açarı verib müharibəyə getdim.  

- Şuşada ordumuzun hazırlığı, texniki təchizatı hansı səviyyədəydi?

- Düzünü desəm, bir avtomat üç əsgərə düşürdü. Bir gülləni də boşa atmamalıydıq, boşa atanda o bizim maaşımızdan tutulurdu, 10 min maaş alırdıqsa, beş mini bir boşa gedən gülləyə hesablanırdı. Bəzi silah-sursatlar döyüş zamanı ermənilərdən əldə olunan qənimətlər idi, hadisələrdən nə qədər sonra silah-sursat alındı, könüllülər çox idi deyə silahlar çatmırdı. Amma ermənilərin silah təchizatı yaxşı idi, ona görə bizim əsgərlər onları məğlub edəndə çuvalla qənimət əldə edirdi. Çünki ermənilərin arxa-dayağı vardı, silahlandırılırdı. Bizdə isə rayonlarda belə ov tüfəngləri yığışdırılmışdı. 

- Bəs Ermənistanın qadın snayperi vardı?

- Mən bilən yox idi.

- Snayper kimi düşmənin neçə canlı qüvvəsini məhv etmisiniz?

- Mən düşmənin özünü yox, texnikasını məhv etmişəm. Yəni işim bu olub. Məsələn, iri yük daşıdıqları maşınları vururdum. Maşının içində isə 15-20 nəfər erməni olurdu, posta növbə dəyişməyə gedirdilər, mən vuranda planları puç olurdu. Yalandan bir-bir kimisə vurduğumu deyə bilmərəm, heç vaxt bir-bir heç nə vurmamışam. Amma çoxlu sayda texnikalarını məhv etmişəm. Onu da ermənilər dəral bir-birlərinə xəbər verirdilər ki, snayper filan şeyi vurdu. Tofiq Oğuz rəhmətliyin beşatılanı vardı, onu özü ilə gətirmişdi, istifadə üçün mənə verdi. Çünki həmin vaxt ermənilər bizim Daşaltından aşağıdakı postumuzda olan beş-altı əsgərimizi vurmuşdular, o da qisas almağımızı istəyirdi. Mən də başladım bizim əsgərləri vuran snayper ermənini axtarmağa. “Üçmıx” deyilən postumuz vardı, səhər saat 11-də orada qayanın üzərinə uzanmışdım, hər yerə nəzarət edirdim. Elə budaq yox idi ki, mən yoxlamayım, şübhəli paslı çəlləkdən başqa heç nə yox idi, Mən ürək eləyib oraya atəş açmaq qərarına gəldim, iki dəfə atəş açdım, bir də gördüm partlayış oldu, oradan alov qalxdı. Hər yer duman oldu. Məgərsə partlatdığımız onların bunkeriymiş, bizə oradan atırmışlar, orada ermənilərin xeyli əsgərləri öldü. 

Ümumiyyətlə, müharibədə mənim görmə və eşitmə qabiliyyətim çox lazım oldu. Təxribatların qarşısının alınmasında kömək elədi. Adi suyun səsindən belə ermənilərin çaydan keçdiyini bilirdim, bu sayədə neçə təxribatın qarşısı alındı. Şuşada parolla danışmalıydıq, ad çəkə bilməzdik. Çünki orada yaşayan erməni və ermənipərəstlər İsa bulağına gedən neçə əsgərimizi öldürüb silahlarını götürmüşdülər. Biz artıq belə şeylərdən qorunmalı olduğumuzu bilirdik. 

- Şuşadan nə vaxt çıxdınız?

- Aprel ayında mənə dedilər ki, Bakıdan çağırış gəlib, geri qayıtmalısan. Qayıtdanda Bakıda Etibar bəy: “Uşağının vəziyyəti pisdir, ona görə çağırmışıq”,-dedi, halbuki qohumlarım məni cəbhədən qaytarmaq üçün belə bir yalan uydurub. Mən də Etibar bəyə and-aman edirəm ki, boşanmışam, övladım olmayıb. İnandı və təzədən döyüş yoldaşlarımın yanına qayıtdım. Şuşaya gələndə gördüm ki, qadınlar gətiriblər. Deyilənə görə, tibbi xidmət göstərirdilər. Amma onların tibbi xidmətdən xəbəri yoxuydu, kimə nə lazım olurdu “Xalaqızı” çağırırdı. Biz həmin vaxt Şuşanın 2 nömrəli internat məktəbində qalırdıq. Şuşanın işğalından əvvəl məni oradan çıxardılar. Çünki ermənilər mənim başıma pul qoyubmuş. Tək qadın döyüşçüydüm. Bizimkilər: “Səni tutsalar, biz necə baş qaldırıb gəzərik”,-dedilər. Mənim əsir düşməyimi qəbullana bilməzdilər, ona görə də mayın 6-sı məni Tofiq Oğuz avtobusa mindirib yola saldı. Səkkizinə keçən gecə Şuşaya hücum olduğunu eşitdik. Ona görə də oraya bir daha qayıda bilmədik. 

- Orada şahidi olduğunuz ən ağrılı hadisə nə olub?

- Bir qızımız özünü atıb öldürmüşdü. Qızın heç on beş yaşı yoxuydu, düşmən əsgərləri onu o qədər təhqir edib ki, dözə bilməyib özünü öldürüb. Ermənilər qızlarımıza təcavüz edirdi, onların əlindən heç kim salamat çıxa bilmirdi, təhqir edirdilər qadınlarımızı. Həmin qızın anası və bacısı, bacısının qucağında da körpə uşağı vardı, ermənilər onların da başına oyun açmışdı, çünki insanların ruhunu öldürmək xoşlarına gəlirdi. Bizim xanımlarımızı da ruhən öldürmüşdülər. Bu məni çox incidirdi.

- Başqa hansı ərazilərdə xidmət göstərmisiniz?

- Ümumilikdə, iki il altı ay müharibədə olmuşam. Şuşa hadisələrindən sonra mayın 19-da Ali Sovetin qarşısında yığıldıq və Elçibəyin bizə bir tövsiyəsi oldu: “Kim kimi yaxşı tanıyırsa, birlikdə gedib torpaqları qorusunlar”. Biz də elə həmin gün yenidən toplandıq, qadınlardan sağ qalan “tibb bacıları” da orada idi, həmin vaxt sonradan Elçin Orucov gəldi. Onlar dörd qardaş idi, hamısı da polkovnik. “Burada bir qadın qalmamalıdır”,-deyə o, göstəriş verdi. Mən də onunla dalaşdım, bundan əvvəl bir dəfə də dalaşmışdım. Çünki məhz o, Şuşaya gələndən sonra Şuşanın fatihəsi verildi. Onun Şuşanın işğalında böyük rolu olub. Camaatı “Artıq Şuşaya ermənilər girib” adı ilə oradan köçürürmüş.

Mayın 4-ü mən Şuşada olanda bizim postda durana göstəriş verilmişdi ki, nə içəri girən, nə də içəridən çıxanın üzərində içki olmasın. Bir də gördük Orucov gəldi, maşınında içki olduğu üçün əsgər onu içəri buraxmırdı. O da əsgərə qışqırıb, “İndi səni vuracam”,-deyirdi. Həmin vaxt da onunla dalaşıb qovmuşdum. Şuşada harada qalırdı bilmirdik, ancaq yeyib içirdi. Nə isə, qayıdım döyüşə. Biz Biləcəridə özümüzə komandir seçib düşdük yenidən yola düşdük.  Oradan sonra Ağdam, Goranboy, Tərtərə getdik, silahlandıq, bizə maşınlar verildi, batalyon statusu aldıq. Səngər filan qazdıq, qazdığım səngərin birini də özümə ithaf elədim, kim içinə girirdi məndən icazə alırdı. Əsgərlərimiz getdikcə çoxaldı. Qubadlıda, Ağdərədə, Ağdamın bütün kəndlərində, Zəngilanda döyüşmüşük. Yenikənddə ermənilərlə üzbəüz səngərdə döyüşdük, əsgərlərimiz erməniləri bir metr də bu tərəfə gəlməyə qoymadı. Ermənilər bir Vazgeninin meyitinə görə nə qədər azərbaycanlı əsiri geri qaytarırdı.

- Müharibədən qayıtdıqdan sonra gənclər üçün snayper kimi təlimlər keçmisinizmi? 

-1992-ci ildə Şuşadan gələndən sonra Etibar bəy mənə snayper kimi təlim keçməyi təklif etdi, bunun üçün ayrıca otaq da vardı. Qabağıma 19 nəfərin siyahısını qoydular. Birinci şəxs Abdullayev soyadlı idi, qalan 18 nəfər isə qız idi. Ancaq mən qəbul etmədim. Ümumi müharibədən qayıdandan sonra da yeni avtovağzalda yer vardı, oradan mənə təlimçi kimi təklif gəlmişdi, ancaq ona da razılıq vermədim. 

- Hazırda evinizdə silah var?

- Bu gün evimdə silah yoxdur, ancaq Nazirliyin təsdiq olunmuş sənədi var ki, hər silahı istifadə edə bilərəm. Tapançalarımızı hamımız təhvil verib çıxmışıq. Evimdə heç real güllələr belə yoxdur, suvenir güllələr var, alıb uşaqlara hədiyyə edirəm. 

- Necə reaksiya verəcəyinizi bilmirəm, ancaq soruşmaq istəyirəm. Sizə killerlik təklifi gəlib?

-Əstafurullah! Mənim xasiyyətimə görə heç onun zarafatını belə edə bilməzlər. Killer varsa, qoşulub gedib elə təxribatçı erməniləri öldürək. Azərbaycanda killerə ehtiyac duyulacaq situasiya yoxdur. Amerikadır bura?! (gülür).

- Yaxşı, bəs cəbhədən qayıdandan sonra nə etdiniz?

- Zəngilanda yaralanandan sonra da gəlib işə bərpa olunmuşam. 1995-ci ilə kimi də qülləli kran maşınisti işləmişəm. 1997-ci ildən Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinə sədrlik edirəm. Hazırda 1600 üzvümüz var, çoxu dünyasını dəyişir, mən sədr olaraq kimisə buraya dəvət etmək həvəskarı deyiləm, insanlar könüllü gəlməlidir. Eləsi var ki, Vətən müharibəsində iştirak edib, heç nə ilə təltif olunmayıb, nə əlillik dərəcəsi, nə veteranlıq alıb, onları da üzv kimi zəmanətlə götürürəm. Mən onlara öz QHT-miz adindan təşəkkürnamə də hazırlayıb verirəm. 

- Haqqınızda çəkilən sənədli filmlər barədə nə deyə bilərsiniz?

- Mənim haqqımda üç sənədli film çəkilib. Birinci dəfə çəkiləndə onun rus dilində yayımlanmasını istədiklərini bildirdilər. Dedim, onsuz da ömürboyu rus dili keçmişik, ana dilimizi bizə keçən vardı? Ona görə də birinci sənədli film rus dilində oldu. Digərləri Azərbaycan dilində olub, amma heç mən mənim haqqımda film çəkilməsini istəməmişəm, qazilərimizdən çəkin demişəm. Onda da tək qadın döyüşçü olmağımı əsas gətiriblər. Gəray bəy var, QHT rəhbəridir, o mənə iki il dedi ki, sənin haqqında film çəkmək istəyirəm. Mən də razı olmadım. “Qaziləri çəkirsənsə, iştirak edərəm”,-dedim, axırda razılaşdıq və sadəcə bir bölgəni götürüb orada çəkiliş etdik, bölgə olaraq da Şəki şəhərini seçdim, çünki biz döyüşdə olanda Şəki şəhərinin könüllüləri daha çox idi, təxminən 30 faizimiz onlardan ibarət idi. Onların yanında həmişə bir gözümüz ağlayıbsa, biri gülüb. Mən də onların olduğu filmin çəkilməsini istədim. Filmin adını da “Qarabağda görüşənədək” qoyduq. Arzuladım ki, Şuşaya getsək, oraya bir traktor aparıb torpağın üst qatını şumlayardım, mənfur erməninin ayağı dəyən yeri təmizləyər, ayaqyalın orada gəzib qayadan bərk hayqırardım ki, şəhidlər sizin qanınız alındı (ağlayır). 

-Belə qənaətə gəlmişəm ki, siz İkinci Qarabağ müharibəsində iştirak üçün də müraciət etmisiniz.

-Tək mən yox, yüzlərlə qazmiz İkinci Qarabağ müharibəsi üçün müraciət edib. Biz heç müharibə başlayacağını bilmirdik, onda belə siyahımız vardı. Ulu öndərə o vaxt 450 nəfərlik siyahı göndərmişdik, bilmirəm çatdırdılar, ya yox. Biz həmişə müharibəyə hazır olmuşuq. Ondan sonra dəfələrlə Prezident İlham Əliyevə, Mehriban Əliyevə bu istəyimizlə bağlı məktub yazmışıq. Sonuncu müraciətimizdən bir az sonra müharibə başladı. Düzü məni aparmadılar, amma bir günlük də olsa, döyüş bölgəsinə mən gedib-gəldim. İndiki ordu həm milli ordumuzdur, həm də çox güclüdür, onların heç köməyə ehtiyacı yoxdur. Ordumuz müasir texnikalarla təchiz olunub. 

- Arzularınıza çatmısınız, artıq Qarabağ azad edilib, oraya neçə dəfə səfər etmisiniz?

- İlk dəfə 2021-ci ildə QHT rəhbəri olduğum üçün Prezidetn Adminstrasiyası tərəfindən aparılmışam. Hara icazə verildisə oraya getdik, döyüşdə olduğumuz yerlərdən təkcə Cıdır düzünə apardılar, bizim üçüncü post orda idi, oranı görəndə dizi üstə çökdüm, dizimin səsini özüm eşitdim, halım bir az pisləşdi, amma sonra özümə gəldim. Daşaltıda dayandım, bayrağımızı açıb şəhidlərimizə salam vermək istədim, boğulub hayqıra bilmədim, elə boğula-boğula salam verdim (ağlayır). Bu şənbə artıq qazilərimizlə Şuşaya yola düşürük, onları aparmağı çox istəyirdim, layihə hazırlayıb Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təqdim etdim, indi onların maliyyə dəstəyi ilə 28 qazimizi aparacam. Heç köməkçimi də aparmıram ki, bir nəfər əlavə qazi aparım.  Hər tədarüklərini görmüşəm, hədiyyələr, yola yemək, hər şey hazırdır, arzuma çatmışam, Allah şəhidlərimizə rəhmət eləsin. Hər bir QHT rəhbəri üzvlərini işğaldan azad edilən torpaqlarımıza aparmalıdır.

- Son olaraq snayper peşəsiylə bağlı görüşlərinizi bölüşə bilərsinizmi? Gənclərə nə tövsiyə edirsiniz?

- Bu gün zərif qızlar da snayper olmaq üçün çalışır, öyrənirlər. Amma tapançanı atmaq üçün gücün olmalıdır ki, əlin əsməsin, yəni əvvəldən idmanla məşğul olmaq vacibdir. Məşq etməlidirlər. Fiziki hazır olmalıdırlar. Mən həmişə ağır işlərlə məşğul olmuşam. 

 

0