Psixoloq nə üçün bahalı xidmətdir? - AÇIQLAMA

ÖLKƏ
12:07 / 20.11.2024
135

"Psixoloqlar ruhun həkimləridir". 

Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, bir ruhla işləmək böyük diqqət, qayğı, empatiya hissi, səbr, ən əsası isə təhsil tələb edir:

"Son dövrlərdə hər kəs psixoloq olmaq istəyir. Kimisi biznes qurmaq məqsədi ilə mərkəz açır və dərindən araşdırmadığı özünü psixoloq kimi görən şəxslərlə əməkdaşlıq edir. Kimisi isə 6 aylıq bir kurs bitirib öz travmalarını həll etmədən başqalarına dərman olmağa çalışır. Lakin bir insan sonradan psixoloq olmur, psixoloq kimi doğulur".

362781

Həmsöhbətimiz vurğulayıb ki, psixoloq adını qazanmaq üçün kurs deyil, universitet bitirmək lazımdır:

"Sonra isə ixtisası təkmilləşdirmək və psixoterapiya metodlarını öyrənmək üçün kurslara yazılmaq, təhsili magistratura və doktorantura səviyyəsində davam etdirmək lazımdır. Bu pillələri isə yalnız işini sevən və işində peşəkar kimi ixtisaslaşmaq istəyən şəxslər edə bilər. Təbii ki, bu da həmin psixoloqların seans ödənişlərinin digər seanslara nisbətən yüksək olmasına gətirir çıxarır.

Günümüzdə şəxsi inkişafına yatırım etməyən psixoloqların seans ödənişlərinin 150-200 azn olduğunda görürük. Bu isə gülünc haldır. Ona görə də pasiyentlər müraciət etdikləri psixoloq və terapevtləri yaxşı araşdırmalı əmin olduqdan sonra ruhlarını əmanət etməlidirlər". 

Zəhra Zahidova qeyd edib ki, psixoloq blogger, biznesmen, aparıcı peşəsindən tamam fərqlidir:

"Yeni nəslin gənc psixoloqları tanınmaq üçün bloggerlik ilə psixoloqlugu səhv salırlar. Həmin şəxs öz münasibətini, gəzdiyi yerləri və digər şəkildə gününü paylaşır. Daxildən gələn məşhurlaşmaq istəyi insanları yanlış istiqamətə aparır. Bir terapevtin sosial şəbəkəsinə daxil olduğumuz zaman onun nə yediyi, hara getdiyi, kimlə birgə olduğunu yox, yeni psixoloji məlumatlar öyrənməliyik". 

Psixoloq onu da əlavə edib ki, hər kəs öz ixtisasında professionallaşsa daha yaxşı olar:

"Bunun əksi olaraq şəxsi inkişafına yatırım edən, hər il yeni aşkar olunan yeni psixoterapevtik metodları öyrənən, bir çox xarici ölkələrdə ixtisaslaşan, 5 ildən çox təcrübəsi olan psixoloqun və ya terapevtin xidməti təbii ki, digərlərinə nisbətdə yüksək olmalıdır. Çünki həmin şəxslər işlərinin necə böyük məsuliyyətli olduğunu bilir, xalqa layiqincə və vicdanlı şəkildə xidmət edirlər".

Pərviz

0